Prezidentdən itkin düşən azərbaycanlılarla bağlı MÜHÜM AÇIQLAMA

Prezidentdən itkin düşən azərbaycanlılarla bağlı MÜHÜM AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı məsələnin Azərbaycan üçün prioritet olaraq qaldığını bildirib. Dövlət başçısı bu istiqamətdə axtarışların davam etdiriləcəyini və taleyi naməlum olan şəxslərin aqibətinin müəyyənləşdirilməsi üçün bütün imkanların səfərbər olunacağını açıqlayıb.

Azmedia.Az xəbər verir ki, İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında keçirilən IV beynəlxalq konfransın iştirakçılarına müraciət edib.

Müraciətində Prezident diqqəti itkin düşmüş şəxslər probleminin yalnız ayrı-ayrı ölkələrə deyil, müxtəlif regionlarda insanların həyatına təsir edən ümumbəşəri humanitar məsələyə çevrilməsinə yönəldib.

Dövlət başçısının sözlərinə görə, silahlı münaqişələrin yaratdığı ən ağır nəticələrdən biri insanların taleyinin naməlum qalmasıdır.

Azərbaycan üçün isə münaqişənin başa çatmasından sonra belə bu məsələnin aktuallığını qoruduğu bildirilib. İlham Əliyev itkin düşmüş şəxslərin taleyinin araşdırılmasını dövlət qarşısında dayanan mühüm məsələlərdən biri kimi qeyd edib.

Prezident Azərbaycanın təşəbbüsü ilə yaradılan Bakı Dialoqunun bu sahədə əməkdaşlıq üçün mühüm platformaya çevrildiyini vurğulayıb. Onun bildirdiyinə əsasən, format çərçivəsində dövlətlərin, beynəlxalq qurumların və mütəxəssislərin təcrübə mübadiləsi aparması, əməkdaşlığı genişləndirməsi və problemin beynəlxalq gündəmdə saxlanılması mümkündür.

İlham Əliyev Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasından sonra regionda sülh və əməkdaşlıq üçün yeni imkanların yarandığını da qeyd edib.

Prezident 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını və iki ölkə arasında sülh sazişinin paraflanmasını bu istiqamətdə mühüm addımlar kimi qiymətləndirib.

Müraciətdə vurğulanıb ki, davamlı sülhün əldə olunması siyasi razılaşmalarla yekunlaşmır. Bu prosesdə qarşılıqlı etimadın gücləndirilməsi və münaqişənin doğurduğu humanitar nəticələrin aradan qaldırılması da mühüm yer tutur.

İlham Əliyev itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsini həmin prosesin vacib hissələrindən biri adlandırıb və bunu ailələr qarşısında mənəvi məsuliyyət kimi qiymətləndirib.

Prezidentin müraciətində Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən hərbi təcavüzü nəticəsində uşaqlar, qadınlar və ahıllar da daxil olmaqla 4010 azərbaycanlının itkin düşmüş şəxs kimi qeydə alındığı bildirilib.

Müraciətdə Beynəlxalq Qızıl Xaç Komitəsinin bu illər ərzində həyata keçirdiyi fəaliyyətin nəticə vermədiyi də qeyd olunub.

Dövlət başçısı Azərbaycanın itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi istiqamətində bundan sonra da bütün imkanlardan istifadə edəcəyini bildirib.

“İtkin düşmüş heç bir vətəndaşımız unudulmur”, – deyə Prezident vurğulayıb.

İlham Əliyev həmin şəxslərlə bağlı faciə yaşayan ailələrin dövlət tərəfindən dəstəklənməsinin vacibliyinə də toxunub. Onun sözlərinə görə, bu ailələrə hərtərəfli qayğı göstərilməsi və onların yaşadığı acının bölüşülməsi mənəvi öhdəlikdir.

Prezident həmçinin axtarış prosesinin nəticəliliyi üçün dəqiq məlumatların əldə olunmasının vacibliyini diqqətə çatdırıb.

Müraciətdə Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyi, eləcə də kütləvi və fərdi dəfn yerləri barədə mövcud məlumatları təqdim etməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, müvafiq arxivlərin açılması və şahid ifadələrinin toplanması üçün şərait yaradılmasının zəruriliyi qeyd edilib.

İlham Əliyev bu addımların yalnız hüquqi öhdəlik deyil, həm də humanitar məsuliyyət olduğunu bildirib. Prezidentin müraciətində belə yanaşmanın sülhə sadiqliyin praktiki göstəricisi və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıdığı vurğulanıb.