“Sabah”dan möhtəşəm GERİDÖNÜŞ: Azərbaycan çempionu Çempionlar Liqasının əsas mərhələsində!

“Sabah”dan möhtəşəm GERİDÖNÜŞ: Azərbaycan çempionu Çempionlar Liqasının əsas mərhələsində!

Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu məğlub edərək turnirin əsas mərhələsinə vəsiqə qazanıb.

Azmedia.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Sabah” doğma meydanda “Hapoel”i qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 10-cu dəqiqədə “Hapoel”in futbolçusu İqor Zlatanoviç açıb. “Sabah” 38-ci dəqiqədə Kristian Nvaçukvunun qolu ilə hesabı bərabərləşdirib.

İkinci hissədə Qay Mizrahi 61-ci dəqiqədə qonaqları yenidən önə keçirib. Lakin “Sabah” bundan sonra əzmkarlıq nümayiş etdirib. 74-cü dəqiqədə Umarali Raxmonaliyev hesabı 2:2 edib.

Azərbaycan təmsilçisi əsas vaxtın sonuna əlavə olunmuş 4-cü dəqiqədə Tellur Mütəllimovun qolu ilə 3:2 hesabı ilə önə keçib.

Xatırladaq ki, komandalar arasında Rumıniyada keçirilən ilk qarşılaşmada “Hapoel” 2:1 hesablı qələbə qazanmışdı. Bu səbəbdən cavab görüşünün əsas vaxtından sonra ümumi hesab bərabərləşib və qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb.

Əlavə vaxtın 101-ci dəqiqəsində Patrik Orfe Mbina fərqlənərək “Sabah”ın üstünlüyünü artırıb.

115-ci dəqiqədə Coy-Lens Mikels Azərbaycan təmsilçisinin növbəti qolunu vurub və hesab 5:2 olub.

Beləliklə, iki oyunun nəticəsinə əsasən “Sabah” “Hapoel”i 6:4 hesabı ilə məğlub edərək tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Bu nəticə Azərbaycan futbolu üçün də tarixi uğur kimi yadda qalıb.