Tələbə qızları şantaj edən məşqçinin cinayət işi: 2 100 manat aldı, daha sonra təcavüz etdi
Azərbaycanda universitetlərdən birində təhsil alan iki tələbə qızın şantaj edilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə hökmü çıxarılıb. Təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda universitetlərdən birində təhsil alan iki tələbə qızın şantaj edilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə hökmü çıxarılıb.
Azmedia.Az xəbər verir ki, futbol məşqçisi olan Bakı şəhər sakini Faiq Əhmədov (soyad şərtidir) universitet tələbəsi olan Gülnar (ad şərtidir) ilə tanış olub və bir müddət sonra onların arasında münasibət yaranıb.
Daha sonra Faiq Gülnarın rəfiqəsi olan Xəyalə (ad şərtidir) ilə də tanış olub.
Məlumata görə, Xəyalə Coşqun adlı şəxslə sevgili olub. Hadisələrin gedişində Faiq bir gün universitetin yaxınlığındakı stadionda futbol oynayarkən Xəyalənin sevgilisi Coşqunla dalaşdığını və huşunu itirdiyini görüb.
O, Coşqunun Xəyaləni yardım etmək məqsədilə qucağına götürərək yaxınlıqdakı tibb məntəqəsinə apardığını müşahidə edib.
Bir neçə gün sonra Faiq Xəyalə ilə görüşərək ona guya Coşqunun Xəyaləni qucağına götürdüyü zaman universitet tələbələri tərəfindən videoya çəkildiyini və həmin videonun yayıldığını bildirib. Faiq bu vəziyyəti bəhanə edərək videoların silinməsi müqabilində Xəyalədən pul tələb edib.
Məlumata görə, o, bu məqsədlə Xəyalədən ayrı-ayrı vaxtlarda iki dəfə 500 manat, daha sonra isə 800, 200 və 100 manat olmaqla ümumilikdə 2 100 manat pul alıb.
Lakin bununla kifayətlənməyən Faiq Xəyaləni yaşadığı mənzilə çağırıb və ona təcavüz edib. Məlumata görə, o, tələbə xanımla bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub.
Faiq daha sonra digər tələbə Gülnardan da 900 manat və noutbuk alıb və həmin əşyaları geri qaytarmayıb.
Tələbələrin şikayəti əsasında araşdırmalara başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Faiq Əhmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmə araşdırması zamanı faktlar sübuta yetirilib və təqsirləndirilən şəxs barəsində hökm çıxarılıb. Məhkəmənin hökmü ilə Faiq Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.


