Ancelina Coli tarixi malikanəsini satdı

Ancelina Coli tarixi malikanəsini satdı

Hollivud ulduzu Ancelina Coli Los-Ancelesin Los-Feliz bölgəsində yerləşən tarixi malikanəsini 24,75 milyon dollara satıb.

Azmedia.Az xəbər verir ki, aktrisanın uşaqları böyüdükdən sonra Los-Ancelesdən ayrılaraq həyatının daha böyük hissəsini xaricdə keçirməyə hazırlaşdığı bildirilir.

Coli təxminən 9 il yaşadığı 11 min kvadrat fut, yəni təxminən 1020 kvadratmetr sahəsi olan malikanəni may ayında 29,85 milyon dollara satışa çıxarmışdı. Təxminən dörd ay davam edən satış prosesindən sonra mülk 24,75 milyon dollara alıcı tapıb.

Aktrisa evi 2017-ci ildə, Bred Pittdən ayrıldıqdan qısa müddət sonra 24,5 milyon dollara almışdı.

Təxminən 2 akr (təxminən 0,81 hektar) ərazidə yerləşən tarixi mülkdə altı yataq otağı və 10 vanna otağı ilə yanaşı, kitabxana, idman zalı, şərab zirzəmisi, qonaq evi, bilyard otağı və çay evi də var.

Malikanənin Hollivud tarixində də xüsusi yeri olduğu bildirilir. Mülk vaxtilə əfsanəvi rejissor Sesil B. DeMillə məxsus olub. Məlumata görə, aktyor və rejissor Çarli Çaplin qonşu evdə yaşayıb. DeMill daha sonra iki tikilini birləşdirib.

Ancelina Coli daha əvvəl ən kiçik övladı 18 yaşına çatdıqdan sonra Los-Ancelesdən ayrılmaq istədiyini bildirmişdi. Əkizləri Noks və Vivyenin bu yay 18 yaşına çatmasından sonra malikanənin satılması onun bu planını yenidən gündəmə gətirib.

Aktrisanın qarşıdakı dövrdə uşaqlarını ziyarət etməyə, beynəlxalq fəaliyyətlərinə daha çox vaxt ayırmağa və Kambocadakı evində daha uzun müddət qalmağa hazırlaşdığı bildirilir.//qafqazinfo