Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti BMT platformasında gündəmə gətirilib- FOTO

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti BMT platformasında gündəmə gətirilib-

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən beynəlxalq konfransda indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz yurdlarına qayıdış hüququ müzakirə olunub.

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirilib.

Azmedia.Az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə 16 ölkəni təmsil edən 50-dən çox nümayəndə iştirak edib. Onların arasında qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində tanınmış mütəxəssislər, qayıdış hüququ üzrə ixtisaslaşmış ekspertlər, etnik mənsubiyyətinə görə zorakılıq, ayrı-seçkilik və təqib təcrübəsi yaşamış diaspor təşkilatlarının və zərərçəkmiş icmaların nümayəndələri, eləcə də BMT ekspertləri yer alıblar.

Konfransda indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz yurdlarına qayıdışının təmin edilməsi məsələsi müzakirə olunub.

Bununla yanaşı, tarixi ədalətin bərpası üçün zəruri hüquqi addımların atılması və məsələnin beynəlxalq təşkilatların diqqətində saxlanılması ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı qayıdış prosesinin beynəlxalq təşkilatların nəzarəti altında, təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi, zəmanət mexanizmlərinin tətbiqi və hüquqi baxımdan məcburi xarakter daşıyan beynəlxalq razılaşmanın əldə olunması istiqamətləri diqqət mərkəzində olub.

Həmçinin beynəlxalq monitorinqin həyata keçirilməsi və digər məsələlər müzakirə olunub.

Konfrans çərçivəsində azərbaycanlıların etnik təmizləməyə məruz qalmasını, eləcə də mədəni və dini abidələrə qarşı törədilmiş vandalizm aktlarını əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib.

Tədbirdə BMT-nin Afrika mənşəli şəxslər üzrə Daimi Forumunun (PFPAD) keçmiş sədri, səfir June Soomer, Beynəlxalq Zikh Federasiyasının Baş Hüquq məsləhətçisi Prabjot Singh Wirring, idarəçilik üzrə beynəlxalq ekspert Karlayl Korbin və müstəmləkəçilik ərazilərinin nümayəndələri çıxış ediblər.

Çıxış edənlər azərbaycanlıların qayıdış hüquqlarını tanıdıqlarını və beynəlxalq təşkilatların bu mövzuya diqqət ayırmasının vacibliyini bildiriblər.

Tədbir iştirakçıları indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi, mədəni və dini abidələrin qəsdən dağıdılması və erməniləşdirilməsinə etiraz əlaməti olaraq aksiya keçiriblər.

Konfransın sonunda xüsusi məruzəçinin təyin edilməsi ilə bağlı BMT rəhbərliyinə müraciət qəbul edilib.

Bakı Təşəbbüs Qrupunun məlumatında xatırladılır ki, indiki Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irs, o cümlədən toponimlər, məscidlər, qəbiristanlıqlar, ziyarətgahlar və digər abidələr sistemli şəkildə dağıdılıb, təhqir olunub və mənimsənilib.

Məlumatda həmçinin bildirilir ki, tarixi ərazilərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının fundamental hüququ – öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ hələ də təmin edilməyib.

Bakı Təşəbbüs Qrupunun açıqlamasına əsasən, bu vəziyyət mövcud beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir.

Qeyd olunur ki, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası, eləcə də Dayton Sazişinin 7-ci Əlavəsi kimi beynəlxalq hüquq praktikasında formalaşmış presedentlər qayıdış hüququnun həyata keçirilməsini təmin edəcək normativ və praktiki əsas yaradır.