Tramp Putinin Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı ona nə dediyini açıqladı
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli ilə bağlı Vaşinqtonun əldə etdiyi nəticəyə təəccübləndiyini bildirib. Onun sözlərinə görə, Putin bu problemi 10 il ərzində həll etməyə çalışdığını, lakin buna nail ola bilmədiyini deyib.
Azmedia.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ermənistan və Azərbaycan arasında münaqişənin həlli istiqamətində əldə olunan razılaşmalara münasibətindən danışıb.
Tramp bu barədə Nyu-York ştatının Sirakuz şəhərində tərəfdarları qarşısında çıxışı zamanı məlumat verib.
Amerika liderinin sözlərinə görə, Putin Vaşinqtonun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalara təəccüblənib. Tramp bildirib ki, Rusiya Prezidenti münaqişənin həlli istiqamətində on il çalışmasına baxmayaraq, nəticə əldə edə bilmədiyini etiraf edib.
ABŞ Prezidenti Putinin ona dediklərini belə çatdırıb:
“Prezident Putin mənə dedi: ‘Bu münaqişəni həll edə bildiyinizə inana bilmirəm. Mən 10 il ərzində bunu etməyə çalışmışam’”.
Tramp çıxışı zamanı Ermənistan və Azərbaycan arasında münaqişənin uzun illər davam etdiyini də xatırladıb.


