Türkmənbaşıda İlham Əliyev və Sərdar Berdiməhəmmədov görüşdü – əməkdaşlığın əsas istiqamətləri- FOTO
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədovla görüşüb. Söhbət zamanı iki ölkə arasında əlaqələrin inkişafı və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Azmedia.Az xəbər verir ki, görüş oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində baş tutub.
Görüş zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana, o cümlədən Qarabağa etdiyi səfərlər məmnunluqla xatırlanıb. Bu səfərlərin Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Qeyd olunub ki, ötən ildən etibarən Azərbaycan və Türkmənistan arasında ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Tərəflər bunun siyasi dialoqun intensivliyini və qarşılıqlı əlaqələrin dinamik inkişafını göstərdiyini bildiriblər.
Söhbət zamanı Azərbaycanla Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi qeyd olunub.
Görüşdə siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, Xəzər dənizi ilə bağlı məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət də müzakirə mövzusu olub.
Tərəflər Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Azərbaycanla region ölkələri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, bu format regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün mühüm platformadır.
Prezident İlham Əliyev görüş zamanı 8-ci Məşvərət görüşünün yüksək səviyyədə təşkil edildiyini qeyd edib.
Dövlət başçısı həmçinin ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini xatırladıb. İlham Əliyev bu tarixi təşəbbüsün Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürüldüyünü qeyd edərək, onun yekdilliklə dəstəklənməsinə görə bir daha minnətdarlığını bildirib.
Görüşün sonunda dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


