Xəstəxananın damında “Əzrail” peyda oldu - FOTO

Xəstəxananın damında “Əzrail” peyda oldu -

Böyük Britaniyada xəstəxananın damına qara geyimdə çıxaraq işçiləri və ziyarətçiləri qorxudan 26 yaşlı kişi məhkəmə tərəfindən cərimələnib.

Azmedia.Az xəbər verir ki, hadisə Uelsin Denbiqşir bölgəsinin Sent Asaf şəhərində yerləşən Ysbihti Qlan Kluid xəstəxanasında qeydə alınıb.

Leon Gillepsi iyunun 6-da xəstəxananın damına çıxaraq girişin üzərində dayanıb. O, “Qara ölüm mələyi” (Əzrail) obrazını xatırladan qara geyim geyinib, aşağıdakı xəstələrə, işçilərə və ziyarətçilərə baxıb, qəribə səslər çıxarıb.

Məlumata görə, Gillepsinin üzərində uzun bıçaq olub və onun davranışı xəstəxanadakı insanlarda təşviş yaradıb. Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları və yanğınsöndürənlər cəlb olunub. Xüsusi qrupların müdaxiləsindən sonra o, damdan endirilib.

Leon Gillepsi Şimali Uelsdəki Llandudno Magistrat Məhkəməsində Milli Səhiyyə Xidmətinin (NHS) ərazisində əsaslı səbəb olmadan narahatlıq yaratmaqda təqsirli bilinib və 200 funt-sterlinq cərimələnib.

Məhkəmədə onun digər cinayətlərə görə də məsuliyyətə cəlb edildiyi bildirilib. Onun martın 26-da yerli “Pets at Home” mağazasından pişik yemi və pişik qumu, mayın 28-də isə Llandudnodakı “Sainsbury's” mağazasından ərzaq və içki oğurladığı qeyd olunub.

Bu əməllərə görə Gillepsi əlavə olaraq 100 funt-sterlinq cərimə, 100 funt-sterlinq məhkəmə xərci və 50 funt-sterlinq təzminat ödəməyə məhkum edilib.

Betsi Kadvaladr Universiteti Səhiyyə Şurasının nümayəndəsi bildirib ki, xəstəxana ərazisində zorakılıq, təcavüz və narahatlıq yaradan hərəkətlərə qarşı “sıfır tolerantlıq” siyasəti tətbiq olunur.

Şimali Uels Polisi isə hadisə zamanı Gillepsinin tibbi yardım almaq məqsədindən kənar şəkildə xəstəxana əməkdaşlarına narahatlıq yaratmaqda və ərazini tərk etmək tələbinə əsaslı səbəb olmadan əməl etməməkdə ittiham edildiyini açıqlayıb.//qafqazinfo