Xırdalan və Sumqayıta metro çəkilməsi yaxın perspektivdə real görünmür – Mütəxəssis
Bakı və ətraf ərazilərdən şəhər mərkəzinə yönələn sərnişin axınının artması nəqliyyat infrastrukturunun inkişafını zəruri edir. Hazırda əsas diqqətin şəhərdaxili metro şəbəkəsinin genişləndirilməsinə və mövcud dəmir yolu imkanlarından daha səmərəli istifadəyə yönəldilməsi məqsədəuyğun hesab olunur.
Məsələ ilə bağlı Azmedia.Az-a açıqlamasında nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev bildirib ki, Xırdalan və Sumqayıt istiqamətində metro xəttinin çəkilməsi hazırkı mərhələdə real görünmür. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri layihənin böyük investisiya tələb etməsidir.
Mütəxəssis qeyd edib ki, hazırda dövlət proqramı çərçivəsində Bakı Metropoliteninin xətlərinin ayrılması istiqamətində işlər aparılır. Dərnəgül stansiyasında xəttin ilkin mərhələsi üzrə işlər görülüb, “28 May” və “Cəfər Cabbarlı” stansiyaları istiqamətində isə yaşıl və qırmızı xətlərin ayrılması nəzərdə tutulur.
Rauf Ağamirzəyev bildirib ki, “28 May” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik yeni tunelin inşası ilə xətlərin ayrılması mümkün olacaq. Eyni zamanda, “İçərişəhər” stansiyasının arxasında dönmə kamerasının tikilməsi nəzərdə tutulur. Onun fikrincə, bu layihələr üç xəttin müstəqil fəaliyyət göstərməsinə imkan verəcək.
Mütəxəssis növbəti mərhələdə bənövşəyi xəttin şəhər mərkəzinə gətirilməsinin prioritet istiqamətlərdən biri ola biləcəyini vurğulayıb. O qeyd edib ki, yeddi vaqonlu platformalara malik bu xəttin şəhər mərkəzinə qədər uzadılması qarşıdakı dövrdə sərnişin tələbatının qarşılanması baxımından əhəmiyyətlidir.
Rauf Ağamirzəyev yaşıl xəttin Xətai stansiyasından Həzi Aslanova qədər uzadılmasının da şəhərin şərq istiqamətində formalaşan sərnişin axınının idarə olunması baxımından məntiqli olduğunu bildirib.
“Şəhərə əsasən iki istiqamətdən ciddi sərnişin təzyiqi var. Bunlardan biri Xırdalan və Sumqayıt istiqamətidir. Digər böyük axın isə şərq istiqamətindən – Əhmədli və 8-ci kilometr massivindən şəhər mərkəzinə yönəlir”, – deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, qeyd olunan layihələrin icrasından sonra növbəti mərhələdə yaşıl xəttin dairəvi xəttə çevrilməsi şəhərin nəqliyyat şəbəkəsində mühüm dəyişiklik yarada bilər.
“Dərnəgül, Koroğlu, Bakıxanov, Qaraçuxur, Yeni Günəşli və Həzi Aslanov istiqamətlərinin əlaqələndirilməsi şəhərin müxtəlif istiqamətlərindən daxil olan sərnişinlər üçün yeni imkanlar yaradacaq. Şəhərin şimalından, şərqindən və cənubundan gələn sərnişinlər metro şəbəkəsinə daha rahat çıxış əldə edə biləcəklər”, – Rauf Ağamirzəyev qeyd edib.
Mütəxəssis hesab edir ki, yaşıl xəttin qırmızı və bənövşəyi xətlərlə kəsişmə nöqtələrində keçidlərin yaradılması sərnişinlərin daha sürətli və optimal hərəkətinə şərait yarada bilər.
Dəmir yolu daha real alternativ kimi göstərilir
Rauf Ağamirzəyev Xırdalan və Sumqayıt istiqamətində sərnişin daşımalarının yaxşılaşdırılması üçün mövcud dəmir yolu infrastrukturundan daha geniş istifadə edilməsini daha real variant hesab edir.
O bildirib ki, Xırdalan və Sumqayıt istiqamətində artıq dəmir yolu əlaqəsi mövcuddur və əsas məsələ onun şəhərdaxili nəqliyyat şəbəkəsi ilə inteqrasiyasını gücləndirməkdir.
“Xırdalan və Sumqayıt istiqamətində dəmir yolunun dairəvi hərəkət imkanlarının artırılması üçün Koroğlu–Dərnəgül əlaqəsinin təmin edilməsi vacibdir. Bildiyim qədərilə, təxminən 2 kilometrlik bu layihənin müəyyən hissəsi artıq inşa olunub. Onun sürətlə tamamlanaraq istifadəyə verilməsi Xırdalan və Sumqayıtın şəhər daxilində daha sürətli əlaqələndirilməsinə imkan yarada bilər”, – deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, bu yanaşma metro xəttinin sıfırdan inşası ilə müqayisədə daha az xərc tələb edir və daha qısa müddətdə reallaşdırıla bilər.
Ağamirzəyev hesab edir ki, dəmir yolunun imkanlarının artırılması üçün qatarların hərəkət intervalı, xüsusilə pik saatlarda, minimuma endirilməli, sürətli qatarların isə gecə saat 00:00-dək fəaliyyət göstərməsi imkanları nəzərdən keçirilməlidir.
“Bu gün əsas diqqəti dəmir yolunun intensivliyinin artırılmasına, daha sürətli hərəkətin təmin edilməsinə və pik saatlarda intervalların qısaldılmasına yönəltmək lazımdır. Bu, hazırkı şəraitdə daha real həll yoludur”, – mütəxəssis vurğulayıb.
“Əvvəlcə şəhər daxilində sərnişin axınları parçalanmalıdır”
Rauf Ağamirzəyev hesab edir ki, Xırdalan və Sumqayıta metro xəttinin uzadılması məsələsinə baxmazdan əvvəl Bakı şəhərinin daxilində sərnişin axınlarının idarə olunması problemi həll edilməlidir.
“Metro xəttinin Xırdalan və Sumqayıta qədər uzadılması böyük investisiya tələb edir. Hazırda isə şəhərin daxilindəki axınlar tam şəkildə təşkil olunmayıb. Böyük sərnişin axınını qəbul edə biləcək sistem əvvəlcə şəhərin daxilində formalaşdırılmalıdır. Bundan sonra həmin sistemi şəhərdən kənara genişləndirmək məsələsi gündəmə gətirilə bilər”, – deyə mütəxəssis bildirib.
Onun fikrincə, Bakı daxilində nəqliyyat şəbəkəsinin şaxələndirilməsi və sərnişin axınlarının müxtəlif istiqamətlər üzrə bölüşdürülməsi həm metro, həm də dəmir yolunun daha səmərəli fəaliyyətinə imkan verəcək.
Rauf Ağamirzəyev vurğulayıb ki, hazırkı mərhələdə Xırdalan və Sumqayıta metro çəkilməsi əvəzinə mövcud dəmir yolu sisteminin inkişaf etdirilməsi daha məntiqli və iqtisadi baxımdan səmərəli yanaşmadır. Onun sözlərinə görə, şəhərdaxili mobillik və sərnişin axınlarının idarə olunması gücləndirildikdən sonra Bakıətrafı ərazilərə metro xətlərinin uzadılması məsələsinə daha real şəkildə baxmaq mümkün olacaq.
Əli Şəyəldiyev
Azmedia.Az


