AFFA məşqçilər üçün psixoloji rifahla bağlı vebinar keçirib

AFFA məşqçilər üçün psixoloji rifahla bağlı vebinar keçirib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məşqçilərin psixoloji rifahına həsr olunan növbəti təhsil vebinarını təşkil edib.

Azmedia.Az xəbər verir ki, “Məşqçinin psixoloji rifahı və peşəkar tükənmişlik” mövzusunda keçirilən onlayn seminarda müxtəlif futbol akademiyalarını təmsil edən məşqçilər iştirak ediblər.

Vebinarda peşəkar tükənmişliyin səbəbləri və ilkin əlamətləri, stressin məşqçi fəaliyyətinə təsiri, psixoloji rifahın qorunması, özünə qayğı üsulları və məşqçinin psixoloji vəziyyətinin komanda mühitinə təsiri müzakirə olunub.

Həmçinin uzunmüddətli motivasiyanın və peşəkar dayanıqlılığın formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimi idman psixoloqu Elşan Erdoğan keçirib. İnteraktiv formatda təşkil olunan vebinarda iştirakçılar mövzu ilə bağlı müzakirələr aparıb və seminarı faydalı hesab etdiklərini bildiriblər.

İştirakçılar məşqçilərin və oyunçuların psixoloji inkişafı ilə bağlı bu cür təhsil vebinarlarının davam etdirilməsinin vacibliyini vurğulayıblar.