Azərbaycanda muzdla çalışanların sayı artıb
Azərbaycanda əmək müqaviləsi ilə muzdla çalışan şəxslərin sayı artıb.
Azmedia.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu il iyulun 1-nə ölkədə muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artaraq 1 milyon 787,4 min nəfərə çatıb.
Məlumata görə, həmin şəxslərin 844,6 min nəfəri dövlət sektorunda, 942,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
Dövlət sektorunda çalışanların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz azalıb. Qeyri-dövlət sektorunda isə muzdla işləyənlərin sayı 4 faiz artıb.
Muzdla çalışanların iqtisadi fəaliyyət sahələri üzrə bölgüsündə ən böyük pay ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsinin payına düşüb. Bu sahədə çalışanlar ümumi muzdlu işçilərin 18,8 faizini təşkil edib.
Təhsil sahəsində çalışanların payı 17,8 faiz, sənayedə 13,9 faiz, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində isə 8,6 faiz olub.
Tikinti sektorunun payı 6,7 faiz, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahələrinin payı 6,1 faiz, nəqliyyat və anbar təsərrüfatının payı isə 4,4 faiz təşkil edib.


