Dövlət müəssisələri ilə bağlı mühüm qərar gündəmdə: Bəziləri ləğv edilə və ya özəlləşdirilə bilər

Dövlət müəssisələri ilə bağlı mühüm qərar gündəmdə: Bəziləri ləğv edilə və ya özəlləşdirilə bilər

Azərbaycanda maliyyə baxımından səmərəsiz fəaliyyət göstərən bəzi dövlət müəssisələrinin gələcək taleyi ilə bağlı yeni təklif irəli sürülüb. Həmin müəssisələrin ləğvi və ya özəl sektora verilməsi məsələsinə baxılması təklif olunur.

Azmedia.Az xəbər verir ki, dövlət büdcəsinə düşən maliyyə yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin fəaliyyətinin yenidən nəzərdən keçirilməsi təklif edilib.

Bu məsələ Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə dair rəyində əksini tapıb.

Rəydə bildirilib ki, dividend ödəməyən dövlət müəssisələrinin, o cümlədən onların törəmə qurumlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün zəruri tədbirlərin görülməsi məqsədəuyğundur.

Hesablama Palatası əsassız səbəblərdən gəlir əldə edə bilməyən, eləcə də son illərdə davamlı olaraq zərərlə fəaliyyət göstərən dövlət müəssisələrinin optimallaşdırılması, strukturunun yenidən qurulması, ləğvi və ya özəlləşdirilməsi məsələsinin nəzərdən keçirilməsini məqsədəuyğun hesab edir.

Beləliklə, sözügedən təklif dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması və büdcə vəsaitlərindən daha məqsədyönlü istifadə edilməsi ilə bağlıdır.