İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi –Səfir Azərbaycan dilində danışdı FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi –Səfir  Azərbaycan dilində danışdı

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib.

Azmedia.Az xəbər verir ki, səfir Ettienn Berxtold etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib:

“Zati-aliləri cənab Prezident, Avstriyanın Bakıdakı yeni səfiri olaraq öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram”.

Səfir Azərbaycandakı diplomatik fəaliyyəti dövründə Azərbaycan dilini daha yaxşı öyrənəcəyinə ümidvarlığını bildirib.

Dövlətimizin başçısı səfirin Azərbaycan dilində danışmasından məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi dialoq, iqtisadi, qarşılıqlı sərmayələr, mədəniyyət və digər sahələrdə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı Azərbaycanda uzun illərdir Avstriya şirkətlərinin fəaliyyət göstərdiyini qeyd edərək, perspektivdə onların sayının artırılmasının önəminə toxunub.

İlham Əliyev iki ölkə arasında diplomatik münasibətlər qurulduğu vaxtdan etibarən qarşılıqlı hörmətə əsaslanan əlaqələrin inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Ettienn Berxtold isə ikitərəfli münasibətlərin genişləndirilməsi istiqamətində səylə çalışacağını qeyd edib.

Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin münasibətlərin inkişafındakı roluna toxunulub. Həmçinin Azərbaycanın və Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb.

Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə də qeyd edilib. Bu xüsusda cari ilin yanvarından Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanması məmnunluqla xatırlanıb.