İlham Əliyevdən Zelenskiyə təbrik məktubu: “Azərbaycan-Ukrayna dostluq əlaqələrinin gücləndirilməsi yolunda…”

İlham Əliyevdən Zelenskiyə təbrik məktubu: “Azərbaycan-Ukrayna dostluq əlaqələrinin gücləndirilməsi yolunda…”

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə ukraynalı həmkarı Volodimir Zelenskiyə təbrik məktubu göndərib.

Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyevin təbrik məktubunda Ukrayna xalqına sülh, əmin-amanlıq və rifah arzuları çatdırılıb.

Dövlət başçısı Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Volodimir Zelenskini və onun simasında dost Ukrayna xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edib.

Məktubda Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Qeyd edilib ki, siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığın mühüm istiqamətlərini təşkil edir.

İlham Əliyev enerji sahəsində uzun illərdir davam edən səmərəli əməkdaşlığı xüsusi vurğulayıb.

Prezident Ukrayna dövlət başçısının cari ilin aprelində Azərbaycana həyata keçirdiyi işgüzar səfəri və həmin səfər çərçivəsində keçirilmiş görüşü yüksək qiymətləndirib.

Təbrik məktubunda bildirilib ki, Azərbaycan və Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələlərində qarşılıqlı dəstəyi, eləcə də müntəzəm yüksək səviyyəli təmaslar dövlətlərarası əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır.

Dövlət başçısı ali səviyyədə fəal dialoqun ticari-iqtisadi, humanitar, kənd təsərrüfatı, investisiya və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaratdığını qeyd edib.

İlham Əliyev Azərbaycanın dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməkdə davam edəcəyini bildirib.

Prezident təbrikinin sonunda Azərbaycan-Ukrayna dostluq əlaqələrinin xalqların mənafeləri naminə daha da gücləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.

İlham Əliyev Volodimir Zelenskiyə möhkəm cansağlığı və xoşbəxtlik, Ukrayna xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıb.