İlon Mask Pentaqonun gələcək müharibə planlarının araşdırılmasına rəhbərlik edəcək
Amerikalı milyarder İlon Mask Pentaqonun gələcək müharibələrin xarakterini və bu döyüşlərdə istifadə olunacaq texnologiyaları araşdırmaq məqsədilə yaratdığı yeni layihənin rəhbərliyində yer alacaq.
Amerikalı milyarder və texnologiya sahibkarı İlon Mask ABŞ Müdafiə Nazirliyinin gələcək müharibələrin aparılma üsullarını araşdıracaq yeni strukturunda rəhbər vəzifələrdən birini tutacaq.
Azmedia.Az xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı məlumat verib.
Nazirin açıqlamasına əsasən, “Project Meridian” adlandırılan yeni təşəbbüsün əsas məqsədi gələcəyin döyüş meydanlarını araşdırmaq, qarşıdakı müharibələr üçün tələb olunacaq hərbi imkanları müəyyənləşdirmək və müvafiq texnologiyaların inkişaf istiqamətlərini nəzərdən keçirməkdir.
Layihəyə İlon Maskla yanaşı, “Anduril Industries” şirkətinin təsisçisi Palmer Laki və ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç rəhbərlik edəcəklər. Pentaqonun texnologiya üzrə rəhbəri Emil Maykl isə layihənin fəaliyyətinə nəzarət edəcək.
Pit Heqsetin sözlərinə görə, “Project Meridian” ABŞ Silahlı Qüvvələri üçün ənənəvi mənada yeni strategiya və ya siyasət sənədləri hazırlamaq məqsədi daşımır.
Layihə çərçivəsində əsas diqqət gələcəkdə hansı döyüş meydanlarının və texnoloji istiqamətlərin ön plana çıxacağını müəyyənləşdirməyə, hərbçilərin hansı imkanlara ehtiyac duyacağını araşdırmağa və bu imkanların hazırlanması, sınaqdan keçirilməsi və tətbiqi üçün konkret həllər formalaşdırmağa yönəldiləcək.
Heqset bildirib ki, təşəbbüs gələcək döyüşlərdə istifadə olunacaq silah və sistemlərin müəyyənləşdirilməsi, inkişaf etdirilməsi və Silahlı Qüvvələrin istifadəsinə verilməsi istiqamətində fəaliyyət göstərəcək.
Layihənin araşdırmaları müxtəlif texnoloji və döyüş istiqamətlərini əhatə edəcək. Buraya süni intellekt, robot texnologiyaları, avtonom sistemlər, biotexnologiya, yeraltı əməliyyatlar və hətta Ay ətrafındakı məkan kimi gələcək döyüş mühitləri daxildir.
Pentaqonun açıqlamasına görə, “Project Meridian”in yekun hesabatının hazırlanması üçün 120 gün müddət müəyyənləşdirilib. Hesabatın 2027-ci il yanvarın 28-dək təqdim olunması nəzərdə tutulur. Sənədin ictimaiyyət üçün açıq hissəsi ilə yanaşı, məxfi əlavə bölməsinin də hazırlanacağı bildirilir.
Heqset çıxışı zamanı pilotsuz sistemlər üzrə ayrıca komandanlığın yaradılmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, ABŞ ordusunda pilotsuz və avtonom texnologiyaların tətbiqinin sürətləndirilməsi üçün ayrıca strukturun yaradılması nəzərdə tutulur.
Müdafiə naziri gələcək onilliklər ərzində ABŞ-nin döyüş meydanında texnoloji və hərbi üstünlüyünü qoruması üçün gələcəyə yönəlmiş araşdırmaların aparılmasının vacibliyini bildirib.


