Bakıda doğuldu, Şuşanın işğalında iştirak etdi: Erməni general ÖLDÜ- FOTO
Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda olan general-leytenantı Leonid Martirosov vəfat edib.
Azmedia.Az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Leonid Martirosov 1939-cu ildə Bakıda anadan olub. O, 1961-ci ildə Tbilisi Ali Artilleriya Hərbi Məktəbini, 1975-ci ildə isə Leninqrad Hərbi Artilleriya Akademiyasını bitirib.
Martirosov 1961–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Zaqafqaziya və Orta Asiya hərbi dairələrində, eləcə də Şərqi Almaniyada yerləşən sovet qoşun qrupunda xidmət edib. Bu müddət ərzində briqada komandirinin müavini, briqada komandiri, Zaqafqaziya Hərbi Dairəsinin 4-cü ordusunun qərargah rəisi vəzifələrini tutub.
1988–1992-ci illərdə Ermənistan Müdafiə Komitəsinin əməliyyat şöbəsinin baş zabiti, 1992–1993-cü illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsi rəisinin müavini, 1993–1997-ci illərdə isə həmin idarənin rəisi vəzifəsində çalışıb.
L. Martirosov 1991–2000-ci illərdə Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi – Baş Qərargah rəisinin müavini, 2000–2014-cü illərdə isə Ermənistanın baş hərbi müfəttişinin birinci müavini vəzifələrini icra edib.
O, Ermənistanın sərhədyanı ərazilərində, eləcə də Azərbaycanın Qarabağ bölgəsinin müxtəlif ərazilərində, o cümlədən Şuşa istiqamətində aparılan döyüşlərdə iştirak edib.
“Şuşa və Ağdərə uğrunda döyüşlərdə aktiv iştirak etmişəm”, – deyə Martirosov işğal dövründə mətbuata açıqlamasında bildirmişdi. O, məhz Şuşa əməliyyatındakı fəal iştirakına görə general-mayor rütbəsi almışdı.
Leonid Martirosov Şuşanın kiçik modelinin hazırlanmasını və şəhərə hücum planının təşkilini həyata keçirmişdi. “Dağlarda toy” adlandırılan əməliyyatın hazırlanmasında Martirosovla yanaşı, əməliyyatın rəhbəri Arkadi Ter-Tadevosyan, Serj Sarkisyan, Robert Köçəryan, Samvel Babayan, Seyran Ohanyan, Valeri Çitçyan və Arkadi Karapetyan da iştirak etmişdilər.
2014-cü ilin noyabrında Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanın sərəncamı ilə Ermənistan Hərbi İnspeksiya İdarəsi rəisinin birinci müavini, general-leytenant Leonid Martirosov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilmişdi.
Leonid Martirosov təqaüddə olduğu müddətdə hər il mayın 9-da Şuşanın işğalının ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə fəal iştirak edirdi.

