“Barselona” ilə oyunun biletləri nə vaxt satışa çıxacaq? – “Sabah” FK-dan AÇIQLAMA FOTO

“Barselona” ilə oyunun biletləri nə vaxt satışa çıxacaq? – “Sabah” FK-dan AÇIQLAMA

“Sabah” FK Çempionlar Liqasının qarşıdakı oyunlarına hazırlıqlarını davam etdirir. Komanda “Slaviya Praqa” və “Borussiya Dortmund”la ev qarşılaşmalarına hazırlaşır, “Barselona” ilə oyunun biletləri ilə bağlı isə yeniliklərin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Azmedia.Az xəbər verir ki, “Sabah” FK-nın mətbuat xidmətinin rəhbəri (mətbuat katibi) Elnur Həmidov saytımıza açıqlamasında komandanın qarşıdakı oyunlara hazırlığı ilə bağlı sualları cavablandırıb.

Elnur Həmidov bildirib ki, “Slaviya Praqa” ilə oyuna hazırlıqlar davam edir:

“Slaviya Praqa” ilə oyuna hazırlıqlar davam edir. Milli komandaların oyunları ilə əlaqədar 10-a yaxın futbolçumuz müxtəlif yığmaların düşərgəsində idi. Qarşıdakı günlərdə komandamız hazırlıqlarını tam heyətlə davam etdirəcək.

Klub rəsmisi UEFA nümayəndələrinin stadionda baxış keçirdiyini və bununla bağlı rəy bildirdiyini də qeyd edib:

Bəli, UEFA nümayəndələri stadiona ümumi baxış keçirib və rəylərini bildiriblər. Hazırda stadionda UEFA Çempionlar Liqasının liqa mərhələsi üçün müəyyən edilmiş tələblərə uyğun işlər görülür.

Elnur Həmidov azarkeşlərlə bağlı məlumatların klubun rəsmi sosial şəbəkə hesablarında yayımlandığını diqqətə çatdırıb:

Artıq bununla bağlı klubumuzun rəsmi sosial şəbəkə hesablarında məlumatlar paylaşılıb. Qarşıdakı günlərdə bu mövzuda daha ətraflı məlumat və çağırışlar paylaşılacaq.

“Barselona” ilə oyunun biletləri ilə bağlı suala cavab olaraq klub rəsmisi qarşıda “Slaviya Praqa” və “Borussiya Dortmund”la vacib ev oyunlarının olduğunu vurğulayıb:

Qarşıda bizi Çempionlar Liqasında iki vacib ev oyunu — “Slaviya Praqa” və “Borussiya Dortmund”la qarşılaşmalar gözləyir. Hazırda bütün diqqətimiz bu oyunların təşkilinə yönəlib. “Barselona” ilə oyunun biletləri barədə hər hansı yenilik olduqda klubumuzun rəsmi informasiya resurslarında məlumat veriləcək.

Əli Şəyəldiyev

Azmedia.Az