Mingəçevirdə yeni təmayül tədris modeli tətbiq olunacaq – Şagirdlər üçün YENİ İMKANLAR
Mingəçevirdə şagirdlərin maraq və qabiliyyətlərinə uyğun təhsil almasına, ali məktəbə daha hazırlıqlı şəkildə qəbul olunmasına və əlavə hazırlıq xərclərinin azalmasına yönəlmiş yeni təmayül tədris modelinin tətbiqinə başlanılır.
Azmedia.Az xəbər verir ki, yeni tədris modeli ilk dəfə 17 saylı Mingəçevir şəhər tam orta məktəbinin bazasında yaradılmış filialda tətbiq olunacaq.
2026–2027-ci tədris ilindən etibarən fəaliyyətə başlayacaq layihənin əsas məqsədi ümumi təhsildə keyfiyyətin yüksəldilməsi, şagirdlər üçün fərdiləşdirilmiş təhsil imkanlarının yaradılması, onların ali təhsilə daha hazırlıqlı yetişdirilməsi və müasir əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşdırılmasıdır.
X–XI siniflərdə təmayül üzrə təhsil
Yeni model çərçivəsində X–XI sinif şagirdləri maraq və meyillərinə uyğun təmayül istiqamətləri üzrə təhsil alacaqlar. Tədris prosesində akademik dərinliyə, fərdi yanaşmaya və peşəyönümlü hazırlığa xüsusi diqqət yetiriləcək.
Buraxılış və ixtisas fənləri üzrə dərs saatlarının maksimum səviyyədə təşkili nəzərdə tutulur. Dərslərdən sonra müəllim nəzarəti altında keçiriləcək etüd məşğələləri zamanı şagirdlərin mövzuları daha dərindən mənimsəməsi, təkrar etməsi və test imtahanlarına hazırlanması təmin olunacaq.
Bu yanaşmanın əsas hədəflərindən biri şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan ali məktəbə qəbul üçün zəruri bilik və bacarıqları məktəb daxilində əldə etməsidir.
Qəbul şəffaf və rəqabətli olacaq
Layihəyə qəbul prosesinin şəffaf və rəqabət prinsipləri əsasında aparılması nəzərdə tutulur.
Namizədlər IX sinif buraxılış imtahanının nəticələrinə əsasən sıralanacaq və qəbul mövcud yerlər çərçivəsində həyata keçiriləcək. Eyni nəticə göstərən şagirdlər arasında isə təmayül fənləri üzrə illik qiymətlərin orta göstəricisi əsas meyar olacaq.
Tədrisə yüksək nəticə göstərən müəllimlər cəlb ediləcək
Yeni modelin əsas xüsusiyyətlərindən biri də müəllim seçiminə xüsusi diqqət yetirilməsidir. İşə qəbul, diaqnostik qiymətləndirmə və sertifikasiya imtahanlarında yüksək nəticə göstərən, qabaqcıl metodik hazırlığa malik və region üzrə fərqlənən müəllimlərin tədris prosesinə cəlb olunması nəzərdə tutulur.
Bununla yanaşı, mütəmadi sınaq imtahanları və diaqnostik qiymətləndirmələr keçiriləcək, şagirdlərin nəticələri təhlil olunacaq. Fərdi ehtiyaclar müəyyənləşdirilərək onlara vaxtında dəstək göstəriləcək.
Şagirdlərin rifahı da nəzərə alınacaq
Layihə yalnız akademik nəticələrə deyil, şagirdlərin fiziki və psixoloji rifahına da diqqət yetirir.
Dərslərin balanslaşdırılmış gündəlik rejim əsasında təşkili, akademik məşğələlərdən sonra fiziki aktivlik və istirahət fasilələrinin yaradılması, məktəbdaxili etüd zamanı tapşırıqların yerinə yetirilməsi planlaşdırılır.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir Təhsil Sektorundan verilən məlumata görə, yeni təmayül tədris modeli ənənəvi təhsil yanaşmasından əhəmiyyətli dərəcədə fərqlənir.
Belə ki, əvvəlki yanaşmada məktəb təhsili ilə yanaşı repetitor hazırlığından istifadə edən ailələr əlavə maliyyə yükü ilə üzləşirdilər. Yeni modeldə isə hazırlıq prosesinin məktəb daxilində, dövlət tərəfindən təmin olunan vahid sistem əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Bu yanaşmanın həm valideynlərin əlavə maliyyə xərclərinin azalmasına, həm də şagirdlərin daha səmərəli və sağlam təhsil mühitində inkişafına imkan yaradacağı bildirilir.
Ehtiram Muradov
Azmedia.Az


