Prezidentdən Naxçıvanla bağlı 258 milyon manatlıq qərar – əsas istiqamətlər açıqlanıb SƏRƏNCAM

Prezidentdən Naxçıvanla bağlı 258 milyon manatlıq qərar – əsas istiqamətlər açıqlanıb

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılması barədə Sərəncam imzalayıb.

Azmedia.Az xəbər verir ki, Sərəncama əsasən, 2026–2027-ci illərdə Naxçıvanda enerji, yol-nəqliyyat, təhsil, mənzil-kommunal və abadlıq sahələrində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün dövlət və Naxçıvan büdcələrindən ümumilikdə 258 milyon manat ayrılması nəzərdə tutulub.

Vəsaitin əsas istiqamətləri:

  • 66 milyon manat – Ordubad rayonunun Tivi kəndində Tivi Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsinə;
  • 70 milyon manat – 26 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının əsaslı təmirinə;
  • 25 milyon manat – Naxçıvan Dövlət Universitetində 1000 yerlik yataqxananın tikintisinə;
  • 15 milyon manat – Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində yaşayış binalarının əsaslı təmirinə;
  • 20 milyon manat – 5 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinə;
  • 53 milyon manat – şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsinə;
  • 9 milyon manat – 45 istilik qazanxanasının əsaslı təmirinə yönəldiləcək.

Sərəncamda həmçinin Naxçıvanın enerji təhlükəsizliyinin gücləndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol və təhsil infrastrukturunun yenilənməsi, eləcə də abadlıq-quruculuq işlərinin davam etdirilməsi nəzərdə tutulur.