Qızılca ABŞ-də sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət tətbiq edildi
ABŞ-nin Nyu-York ştatında qızılcaya yoluxma hallarının artması səbəbindən fövqəladə vəziyyət rejiminin tətbiqinə qərar verilib.
Azmedia.Az xəbər verir ki, Nyu-York qubernatoru Keti Hokul bununla bağlı sərəncam imzalayıb.
Qubernator administrasiyasından verilən məlumata görə, belə bir qərarın qəbul edilməsinə ştatın kənd rayonları ilə yanaşı, qonşu ştatlarda da qızılcaya yoluxma hallarının artması səbəb olub.
Tətbiq edilən fövqəladə vəziyyət rejimi çərçivəsində qızılcaya qarşı peyvəndləmə prosesinin həyata keçirilməsi, həmçinin müvafiq tibbi analizlərin aparılması üçün əlavə tibb işçilərinin cəlb olunması planlaşdırılır.
Ştatda 2026-cı ilin əvvəlindən etibarən qızılcaya yoluxma ilə bağlı 108 fakt qeydə alınıb. Bu halların 7-si Nyu-York şəhərində aşkarlanıb.
Bundan başqa, iyulun ortalarından indiyədək Nyu-York ştatının kənd rayonlarında qızılcaya qarşı mindən çox doza peyvənddən istifadə edilib.
ABŞ-də qızılcaya yoluxma hallarının ümumi sayı da son 35 ilin ən yüksək göstəricisinə yüksəlib. Cons Hopkins Universitetinin son məlumatlarında bildirilir ki, ilin əvvəlindən ölkə üzrə 4 020 yoluxma qeydə alınıb.
Həkimlərin fikrincə, xəstəliyin yayılmasına təsir edən əsas amillərdən biri əhali arasında peyvəndlənmə səviyyəsinin aşağı düşməsidir.
///teleqraf.az


