Quba - Tüləkəran yolu bağlandı - 6 kəndlə əlaqə kəsilib - FOTO/VİDEO

Quba - Tüləkəran yolu bağlandı -

Quba rayonunda baş verən torpaq sürüşməsi nəticəsində Tüləkəran İnzibati Ərazi Dairəsinin (İƏD) əhatə etdiyi 6 kəndlə nəqliyyat əlaqəsi kəsilib.

Azmedia.Az xəbər verir ki, torpaq sürüşməsi iyunun 15-i səhər saatlarında Quba-Tüləkəran yolunun 4-cü kilometrliyində qeydə alınıb.

Sürüşmə nəticəsində yolun hərəkət hissəsi təxminən yüz metr məsafədə tamamilə dağılıb. Avtomobil yolunda 10-15 metr hündürlüyündə uçurum yaranıb. Bununla yanaşı, sürüşmə ərazisində torpaq layları dirəkləri də aşırdığından kəndlərə elektrik enerjisinin verilməsində məhdudiyyət yaranıb.

Sürüşmə prosesi hazırda davam edir. Yolu bağlanan Gültəpə, Möhüc, Tülər, Yenikənd, Yuxarı Tüləkəran və Aşağı Tüləkəran kəndlərində, ümumilikdə, 6 minə yaxın sakin yaşayır.

Quba Rayon İcra Hakimiyyətinin Tüləkəran İƏD üzrə nümayəndəsi Elxan Məmmədhüseynov bildirib ki, hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilsə də, problemin həlli istiqamətində hələlik konkret nəticə əldə olunmayıb.