“Yaşlıların xəstəliyidir” deməyin: Bağırsaq xərçəngi gəncləşir – HƏKİMDƏN XƏBƏRDARLIQ

“Yaşlıların xəstəliyidir” deməyin: Bağırsaq xərçəngi gəncləşir –

Kolorektal xərçəngin daha gənc yaşlarda aşkarlanması dünyada olduğu kimi Azərbaycanda da diqqət çəkən tibbi məsələlərdəndir. Mütəxəssislər xüsusilə bəzi simptomların diqqətdən kənarda saxlanılmasının və həkimə müraciətin gecikdirilməsinin ciddi nəticələrə səbəb ola biləcəyini bildirirlər.

 

Azmedia.Az xəbər verir ki, tibbi onkologiya uzmanı, “Liv Bona Dea” xəstəxanasının Onkologiya şöbəsinin müdiri Altay Əliyevin sözlərinə görə, kolorektal xərçəng dünyada yayılma tezliyinə görə üçüncü, xərçənglə bağlı ölüm hallarına görə isə ikinci yerdədir.

Mütəxəssis bildirib ki, Azərbaycanda son statistik məlumatlara əsasən, bağırsaq xərçəngi bütün xərçəng xəstəlikləri arasında yayılma tezliyinə görə dördüncü, ölüm səbəbi kimi isə üçüncü yerdə qərarlaşıb.

Onun sözlərinə görə, xəstəlik əsasən 50 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, son illərdə daha gənc yaşlarda aşkarlanma hallarında artım qeydə alınır. Gənc yaşda aşkarlanan kolon xərçəngi hallarının ümumi xəstələr arasında payının təxminən 10 faiz olduğu bildirilir.

Bağırsaq xərçəngi niyə gəncləşir?

Altay Əliyev xəstəliyin daha gənc yaşlarda ortaya çıxmasına bir sıra amillərin təsir etdiyini qeyd edib.

Bunlar arasında qidalanma vərdişlərinin dəyişməsi, süni və yarıemal olunmuş qidaların daha çox istehlak edilməsi, liflə zəngin məhsulların az qəbul edilməsi, artıq çəki və şəkərli diabet kimi faktorlar göstərilir.

Həkim həmçinin genetik amillərin də əhəmiyyətli olduğunu vurğulayıb. Xüsusilə bəzi irsi sindromların, o cümlədən Lynch sindromunun gənc xəstələrdə rol oynaya biləcəyi qeyd edilir.

Mütəxəssisin sözlərinə görə, gənc yaşda aşkarlanan kolon xərçəngi bəzi hallarda daha aqressiv gediş göstərə və müalicəyə daha az həssas ola bilər.

Hansı əlamətlərə diqqət etmək lazımdır?

Həkim bildirib ki, xəstəliyin erkən mərhələsində heç bir əlamət olmaya bilər. Bu səbəbdən yalnız simptomların yaranmasını gözləmək təhlükəli yanaşmadır.

Bununla belə, nəcisdə qan, səbəbsiz çəki itkisi, bağırsaq vərdişlərində dəyişiklik və uzunmüddətli qarın ağrıları diqqətdən kənarda saxlanılmamalıdır.

Mütəxəssis qeyd edib ki, bəzi insanlar bu əlamətləri hemorroy və ya adi həzm problemi kimi qiymətləndirərək həkimə müraciəti aylarla gecikdirirlər.

Erkən aşkarlanma niyə vacibdir?

Altay Əliyevin sözlərinə görə, kolorektal xərçəngin digər xəstəliklərdən fərqli mühüm xüsusiyyətlərindən biri onun skrininq müayinələri vasitəsilə erkən aşkarlana bilməsidir.

Kolonoskopiya və nəcisdə gizli qanın yoxlanılması əsas müayinə üsulları sırasında göstərilir. Kolonoskopiya zamanı yalnız xərçəngin erkən mərhələdə aşkarlanması deyil, həm də gələcəkdə xərçəngə çevrilə biləcək poliplərin müəyyən edilərək çıxarılması mümkündür.

Həkim bildirir ki, bir çox ölkədə kolon xərçənginin skrininqi üçün 45 yaşdan etibarən kolonoskopiya tövsiyə olunur. Bununla yanaşı, daha erkən yaşda müayinə ehtiyacı şəxsin risk faktorlarından və ailə tarixçəsindən asılı olaraq dəyişə bilər.

“Şikayətim yoxdur” düşüncəsi təhlükəli ola bilər

Mütəxəssis cəmiyyətdə xəstəliklə bağlı ən geniş yayılmış yanlış fikirlərdən birinin bağırsaq xərçənginin yalnız yaşlı insanlarda görüldüyünə inanmaq olduğunu deyib.

Digər yanlış yanaşma isə heç bir şikayət olmadıqda müayinəyə ehtiyac olmadığını düşünməkdir. Halbuki xəstəlik erkən mərhələdə simptomsuz inkişaf edə bilər.

Həkim həmçinin uzun müddət həkimə müraciət etməməyi “sağlamlıq göstəricisi” kimi qəbul etməyin yanlış olduğunu vurğulayıb.

“Erkən diaqnoz həyat xilas edir”

Altay Əliyev erkən diaqnostikanın müalicənin nəticələrinə ciddi təsir göstərdiyini bildirib.

Onun sözlərinə görə, simptomların görməzlikdən gəlinməsi və tibbi müayinənin gecikdirilməsi xəstəliyin daha irəli mərhələdə aşkarlanmasına səbəb ola bilər.

Mütəxəssis ictimai maarifləndirmənin gücləndirilməsini, risk qruplarının vaxtında müayinələrə cəlb edilməsini və skrininq proqramlarının genişləndirilməsini vacib hesab edir.

Bundan əlavə onu qeyd edək ki, Bağırsaq xərçəngindən şübhələndirən əlamətlər olduqda özbaşına nəticə çıxarmaq əvəzinə həkimə müraciət etmək və müvafiq müayinələrdən keçmək vacibdir.

///Kaspi.az