Zaur Əliyev yanacaqdoldurma məntəqələrindəki saxtakarlıqdan danışdı: Sürücülərə vacib xəbərdarlıq- VİDEO
Yanacaqdoldurma məntəqələrində avtomobilə vurulan yanacağın markasına, sayğac göstəricilərinə və ödəniş zamanı verilən çekə diqqət yetirmək sürücülər üçün mühüm əhəmiyyət daşıyır. Bəzi hallarda sifariş edilən yanacaqla avtomobilə doldurulan yanacağın fərqli olması istehlakçıların narazılığına səbəb olur.
Azmedia.Az xəbər verir ki, tanınmış jurnalist və prodüser, bir sıra informasiya portallarının və AZ Media Group MMC-nin rəhbəri Zaur Əliyev APA TV-nin “Xəbər Aparan” verilişində yanacaqdoldurma məntəqələrindəki mümkün saxtakarlıqlardan və sürücülərin diqqət etməli olduqları məqamlardan danışıb.
Zaur Əliyev çıxışı zamanı özünün də belə halla qarşılaşdığını bildirib. Onun sözlərinə görə, 95 markalı benzin sifariş etsə də, avtomobilinə 92 markalı benzin tökülüb. Hadisədən sonra isə ona üzrxahlıq edilib.
Jurnalist sürücülərin yanacaq doldurulması prosesinə diqqət yetirməsinin vacibliyini vurğulayıb. O, avtomobilə benzin vurularkən prosesə nəzarət etməyi, sifariş edilən yanacağın markasını yoxlamağı və ödənişdən sonra çek tələb etməyi tövsiyə edib.
Zaur Əliyev, həmçinin, yanacağın gecə saatlarında və səhərə yaxın alınması məsələsinə də toxunub. Bu vaxtlarda yanacaq doldurulmasının tövsiyə edilməsi temperatur fərqi ilə əlaqələndirilir. Belə ki, benzinin temperaturu onun həcminə təsir göstərə bilər. Bununla belə, yanacaq yeraltı çənlərdə saxlanıldığı üçün gecə və gündüz temperatur fərqinin yanacağa təsiri məhdud ola bilər.
Sürücülərin belə hallarla qarşılaşmaması üçün yanacaq doldurularkən diqqətli olması, sifariş etdiyi benzin markasının düzgün seçildiyinə əmin olması və çeki saxlaması vacibdir.
Zaur Əliyevin APA TV-nin “Xəbər Aparan” verilişindəki çıxışını təqdim edirik:


