Azmedia.Az məsələni gündəmə gətirdi, ADSEA bir gün keçməmiş problemi həll etdi – NƏTİCƏ
Həsən Əliyev küçəsində təhlükə yaradan və avtomobilə ziyan vuran lyukla bağlı yayımladığımız xəbər nəticə verib. Azmedia.Az-ın məsələni işıqlandırmasından sonra aidiyyəti qurum operativ tədbir görərək problemi aradan qaldırıb.
Azmedia.Az xəbər verir ki, Həsən Əliyev küçəsində yerləşən lyukun qarşısındakı dəmir hissənin qırılması nəticəsində ərazidə təhlükəli vəziyyət yaranmışdı. Hadisə zamanı Range Rover markalı avtomobilin həmin hissəyə düşməsi nəticəsində nəqliyyat vasitəsinin yanacaq çəninə ziyan dəymişdi.
Məsələ Azmedia.Az tərəfindən işıqlandırılaraq ictimaiyyətin diqqətinə çatdırılıb və aidiyyəti quruma müraciət edilib.
Müraciətdən sonra, bir gün tamam olmadan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) əməkdaşları əraziyə gələrək zədələnmiş dəmir hissəni yenisi ilə əvəz ediblər.
Beləliklə, bir müddətdir təhlükə yaradan problem aradan qaldırılıb.



