“Barselona” Xulián Alvarez üçün yenidən hərəkətə keçir – Madrid klubu ilə görüş keçiriləcək
“Barselona”nın Xulián Alvarez transferindən əl çəkmədiyi bildirilir. Kataloniya təmsilçisi argentinalı hücumçunun transferi üçün yeni addımlar atmağa hazırlaşır.
Azmedia.Az xarici mənbəyə istinadən xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hansi Flik Xulián Alvarez məsələsində mövqeyini qoruyur və klub rəhbərliyindən transfer üçün daha çox səy göstərməsini istəyir.
Məlumat görə, “Barselona”nın nümayəndələri yaxın günlərdə “Atletiko Madrid”in baş icraçı direktoru Migel Anxel Gil Marinlə görüş keçirəcək. Görüşdə əsas müzakirə mövzusunun Xulián Alvarez transferi olacağı gözlənilir.
Flikin argentinalı hücumçunu komandasında görmək istədiyi bildirilir. Almaniyalı mütəxəssis “Barselona”nın digər alternativləri də araşdırmasını qəbul etsə də, Alvarez variantına xüsusi üstünlük verir.
“Barselona”nın transferdə əsas problemi isə “Atletiko Madrid”in sərt mövqeyidir. Madrid klubu daha əvvəl 100, 150, hətta 200 milyon avroluq təklifləri belə qəbul etməyəcəyini açıqlamışdı.
Son günlər Alvarez ilə bağlı vəziyyətin durğunlaşdığı bildirilir. Argentinalı futbolçu da “Atletiko” rəhbərliyinə mövqeyini çatdırıb, lakin klub onun komandada qalmasını istəyir.


