500 min manatdan çox dələduzluqda şübhəli bilinən generalın qızı həbsdən yayındı – Məhkəmə qərar verdi
General-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmədə baxılan təqdimat üzrə qərar açıqlanıb.
Azmedia.Az xəbər verir ki, general-mayor Natiq Əliyevin ötən gecədən saxlanılan qızı Türkər Əliyeva məhkəmə qarşısına çıxarılıb.
Onun barəsində təqdimata Sumqayıt Şəhər Məhkəməsində baxılıb.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin ağır cinayətdə ittiham olunduğunu və şahidlərə təsir göstərmək imkanının mövcudluğunu əsas gətirərək onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.
Türkər Əliyeva və vəkili isə təqdimatın əsassız olduğunu bildirərək onun təmin edilməməsini xahiş ediblər. Müdafiə tərəfi məhkəmənin diqqətinə çatdırıb ki, müvəkkilinin dörd azyaşlı uşağı var.
Məhkəmə onun həbsinə zərurət olmadığı qənaətinə gəlib. Qərara əsasən, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat təmin edilməyib və Türkər Əliyeva barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq olunub.
Hakim qərar qəbul edərkən təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, onları təkbaşına böyütməsini, həmçinin vurulmuş ziyanın müəyyən hissəsinin geri qaytarılmasını nəzərə alıb.
Qeyd edək ki, Türkər Əliyeva keçmiş MTN generalı, hazırda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini olan Ceyhun Rzayevin şikayəti əsasında saxlanılıb.
İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək göstərmək vədi ilə Ceyhun Rzayevdən külli miqdarda pul alıb.
Sumqayıt Şəhər Prokurorluğu tərəfindən Türkər Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq), 32.4 və 313-cü (cinayətə təhrik etməklə vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.


