Ceki Çan Bakıda film çəkilişlərindən danışdı FOTO
Macəra janrında hazırlanan “Tanrının yaraqları: Ultimatum” filminin beynəlxalq çəkiliş komandası Bakıda işə başlayıb. Layihənin növbəti çəkiliş mərhələsi Azərbaycan paytaxtında keçirilir.
Azmedia.Az xəbər verir ki, Bakıdakı çəkilişlərin startı ənənəvi olaraq kino boşqabının sındırılması mərasimi ilə verilib. Bu mərasim yeni çəkiliş mərhələsinin başlanmasını simvolizə edir.
Filmdə hadisələr “Asiya şahini”nin növbəti missiyası ətrafında inkişaf edir. Baş qəhrəman uğrunda 20 milyon dollardan artıq mükafat müəyyənləşdirilmiş qədim Tumar artefaktını tapmağa çalışır.
Filmin çəkilişləri bir neçə ölkədə paralel şəkildə aparılır. Layihənin yaradıcı heyətində müxtəlif ölkələrdən aktyorlar və kino sahəsinin peşəkarları yer alır. Eyni zamanda, bu layihə çərçivəsində ilk dəfə Qazaxıstan və Çin kino komandaları bir araya gəlib.
“Tanrının yaraqları: Ultimatum” artıq məşhurlaşmış “Tanrının yaraqları” franşizasının dördüncü filmidir. Ekran işində baş rolu məşhur aktyor Ceki Çan canlandırır. O, yenidən tamaşaçıların tanıdığı “Asiya şahini” obrazına qayıdır.
Filmin yaradıcı konsepsiyasına uyğun olaraq Bakı əsas çəkiliş məkanlarından biri seçilib. Süjetə əsasən, hekayənin yeni hissəsi Xəzər dənizi ətrafında cərəyan edir. Bu səbəbdən ekran əsərinin bir sıra mühüm səhnələri Azərbaycanın paytaxtında lentə alınacaq.
Bu çəkilişlər Ceki Çan üçün də xüsusi xarakter daşıyır. Aktyor karyerasında ilk dəfə Azərbaycanda film layihəsində iştirak edir.
Ceki Çan açıqlamasında Azərbaycanda ilk dəfə çalışmasının onu xüsusilə həyəcanlandırdığını bildirib.
Çəkiliş heyətinin Azərbaycana səfərinin və ölkədə film istehsalının təşkilinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) dəstək verir.
Filmin hazırlanmasına müxtəlif istiqamətlər üzrə 100-dən çox yerli kino mütəxəssisi cəlb olunub.
“Tanrının yaraqları: Ultimatum” filminin çəkilişlərinin 2026-cı ilin payızına qədər davam etdirilməsi nəzərdə tutulur. Ekran əsərinin premyerasının isə 2027-ci ildə baş tutacağı gözlənilir.
Mənbə: “Oxu.Az”


