Gecə yağan yağışlar bölgənin bəzi çaylarında su səviyyəsini artırıb
Son gecə yağan yağışlar bölgənin bəzi çaylarında su səviyyəsində dəyişikliklərə yol açıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, bol yağıntı səbəbindən Göyçayda axın sularının həcmi saniyədə 40 kubmetrdən 43 kubmetrə, Türyançayda isə ötürücülük saniyədə 22 kubmetrdən 25 kubmetrə yüksəlib. Qanıx çayında isə əksinə, çayın səviyyəsi 10 kubmetr enərək saniyədə 725 kubmetrdən 715 kubmetrə düşüb.
Qeyd edək ki, son gecə bölgədə hökm sürən güclü yağıntılı havaya rəğmən Mingəçevir Su anbarının su səviyyəsində hər hansı dəyişiklik qeydə alınmayıb. Son 3 günün göstəricilərinə uyğun olaraq hazırda anbarda suyun sabit səviyyəsi 82 metr 4 santimetr həddində qalmaqda davam edir. Məlumat üçün bildiririk ki, anbarda maksimal səviyyə 83 metrdir.
Ehtiram Muradov
Azmedia.Az


