Cəlilabadda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanaya yerləşdirildi, son vəziyyətləri bilindi

Cəlilabadda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanaya yerləşdirildi, son vəziyyətləri bilindi

Cəlilabad rayonunda zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən 10 nəfərin son vəziyyəti məlum olub. Onların Biləsuvar rayonunda keçirilən əsgər yolasalma mərasimindən sonra narahatlaşdıqları və paytaxt salatından zəhərləndikləri ehtimal edilir

Azmedia.Az xəbər verir ki, Cəlilabad rayonunda bir qrup sakinin zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət etməsi ilə bağlı yeni məlumat açıqlanıb.

Məlumata görə, ümumilikdə 10 nəfər, o cümlədən beş kişi və beş qadın, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. İlkin məlumatda xəstəxanaya çatdırılan şəxslərin arasında uşaqların da olduğu bildirilib. 

Hadisənin Biləsuvar rayonunda keçirilən əsgər yolasalma qonaqlığından sonra baş verdiyi bildirilir. Qonaqlıqda iştirak edən ailə üzvləri evə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.

İlkin ehtimala əsasən, onların qonaqlıq zamanı yedikləri paytaxt salatından zəhərləndikləri düşünülür. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəstəxanaya yerləşdirilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Tibbi yardım göstərildikdən sonra onların hamısı ambulator müalicə üçün evə buraxılıb. 

Hazırda hadisə ilə bağlı məlumatlar əsasında araşdırmanın aparılıb-aparılmadığı barədə əlavə məlumat verilməyib.