Hərbi xidmətdən sonra qanında virus aşkarlanıb: Gənc oğlan iş tapa bilmədiyini deyir
Hərbi xidmətə sağlam vəziyyətdə başladığını bildirən gənc oğlan xidmət müddətində virusa yoluxduğunu iddia edir. Onun sözlərinə görə, xəstəlik hərbi biletində qeyd olunduğu üçün hazırda iş tapmaqda çətinlik çəkir.
Azmedia.Az xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş hərbi xidmət zamanı xəstəliyinin aşkarlandığını və bunun hazırda iş tapmasına mane olduğunu iddia edib.
Şikayətçi Dövlət Sərhəd Xidmətində (DSX) hərbi xidmətə sağlam vəziyyətdə başladığını bildirib.
Onun sözlərinə görə, xidmət müddətində bir neçə dəfə tibbi müayinədən keçib, lakin həmin yoxlanışlarda hər hansı xəstəlik aşkarlanmayıb.
Vətəndaş qeyd edib ki, 11 ay sonra, müddətdən artıq hərbi xidmət keçmək üçün müraciət etdiyi zaman yenidən tibbi müayinədən keçirilib. Məhz bu müayinə zamanı onun qanında virus aşkarlanıb.
Bundan sonra isə gənc hərbi xidmətə yararsız hesab edilərək ehtiyata buraxılıb.
Şikayətçi hərbi xidmət dövründə məzuniyyətə çıxmadığını və xəstəliyə məhz xidmət zamanı yoluxduğunu düşündüyünü bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət etsə də, təxminən iki ildir hər hansı nəticə əldə edə bilmir.
Vətəndaş həmçinin hərbi biletində xəstəliyin açıq şəkildə qeyd olunmasının iş tapmasına mane olduğunu deyib.
O, hazırda hər hansı sosial ödəniş və ya sığorta vəsaiti almadığını da bildirib.
Qeyd edək ki, sözügedən iddialar şikayətçinin açıqlamalarına əsaslanır
///baku.ws


