Səbaildə hansı binalar söküləcək? – Kompensasiya ilə bağlı yeni açıqlama
Səbail rayonunda ilkin mərhələdə təxminən 15-20 binanın sökülməsi nəzərdə tutulur. Bəzi mənzillər üzrə kompensasiya məbləğinin 1500-2200 manat aralığında müəyyənləşdirildiyi açıqlanıb.
Azmedia.Az xəbər verir ki, Səbail rayonundailkin mərhələdə sökülməsi planlaşdırılan binaların sayının təxminən 15-20 olacağı bildirilir. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz küçələri, 20-ci sahə, Xanlar küçəsi, eləcə də Badamdar qəsəbəsində yerləşən bəzi yataqxana tipli binaların sökülməsi nəzərdə tutulur.
Vüqar Orucun sözlərinə görə, sözügedən tikililər əsasən istismar müddəti başa çatmış və ilkin mərhələdə sökülməsi nəzərdə tutulan binalardır.
Hazırda həmin binaların bir qismində inventarizasiya işləri aparılıb, bəzi ərazilərdə isə qiymətləndirmə prosesi həyata keçirilib.
Adətən belə hallarda qiymətləndirmə işlərinin aparılması üçün satınalma keçirilir və qalib şirkət tərəfindən əmlakların dəyəri müəyyənləşdirilir.
Kompensasiya məbləği qiymətləndirici şirkət tərəfindən ərazinin mövcud bazar qiymətləri nəzərə alınmaqla hesablanır. Bu zaman əsas meyarlardan biri mənzilin bir kvadratmetrinin bazar dəyəridir.
Hazırda sözügedən ərazilərdə qiymətləndirmədən keçmiş bəzi mənzillər üzrə kompensasiya məbləğinin 1500-2200 manat aralığında müəyyənləşdirildiyi hallar mövcuddur.
Bununla belə, kompensasiya məbləği bütün binalar və mənzillər üçün eyni deyil. Söküntü ilə bağlı hər bir qərardan əvvəl konkret ərazi üzrə qiymətləndirmə aparılır və məbləğ həmin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilir.
Bəzi hallarda kompensasiya məbləğinin qeyd olunan rəqəmlərdən daha yüksək olması da mümkündür.
AQC sədri həmçinin bildirib ki, söküntü prosesinin həm investor, həm də dövlət hesabına həyata keçirilməsi nəzərdə tutulur.
İnvestor tərəfindən sökülən binaların yerində yeni yaşayış binalarının inşası planlaşdırılır. Dövlət hesabına köçürüləcək ərazilərdə isə abadlıq işlərinin aparılması, park və yaşıllıq sahələrinin salınması nəzərdə tutulur.
İnvestor hesabına həyata keçirilən layihələrdə kompensasiya məbləğinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə şirkətinə müraciət edilə bilər.
Eyni zamanda investorla sakinlər arasında birbaşa danışıqlar aparılaraq kompensasiya məbləğinin razılaşdırılması da mümkündür.


