Vətən müharibəsinin qəhrəmanı Cəbrayıl Dövlətzadə bu gün 25 yaşını tamamlayacaqdı
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Cəbrayıl Dövlətzadənin doğum günüdür.
Azmedia.Az xəbər verir ki, Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərinin Corat qəsəbəsində anadan olub.
O, 2019-cu ilin oktyabrından Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edən Cəbrayıl Dövlətzadə daha sonra xüsusi təyinatlıların tərkibində Vətən müharibəsində iştirak edib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən qəhrəman hərbçi sentyabrın 28-də Kəlbəcər rayonu ərazisində şəhid olub. O, sentyabrın 29-da Bakıda, İkinci Fəxri xiyabanda, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun məzarının yaxınlığında dəfn edilib.
Cəbrayıl Dövlətzadə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!


