Prezident İlham Əliyev Qaradağda yeni istehsal müəssisəsinin açılışını edib- FOTO
Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı üzrə yeni müəssisə fəaliyyətə başlayıb. Layihəyə 27 milyon manat investisiya qoyulub və burada 240 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakı şəhərinin Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılış mərasimində iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Fabriora Group” MMC-nin təsisçisi İbrahim Uygur dövlət başçısına müəssisənin fəaliyyəti, istehsal imkanları və layihənin həyata keçirilməsi barədə məlumat veriblər.
Qeyd olunub ki, müəssisədə həm Azərbaycandan, həm də xarici ölkələrdən tədarük edilən xammal və materiallardan istifadə edilməklə müxtəlif çeşiddə kağız və gigiyenik məhsullar istehsal olunacaq. İstehsal ediləcək məhsullar sırasında uşaq bezləri, müxtəlif növ salfetlər və yuyucu vasitələr də yer alır.
Təxminən 11 hektar ərazini əhatə edən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyalarından istifadə ediləcək.
Müəssisədə istehsal olunacaq məhsulların yalnız daxili bazarın tələbatının ödənilməsinə deyil, eyni zamanda xarici bazarlara çıxarılmasına da yönəldilməsi nəzərdə tutulur. Belə ki, məhsulların Gürcüstan, Qazaxıstan, Rusiya, Yaxın Şərq ölkələri və digər dövlətlərə ixrac edilməsi planlaşdırılır.
Layihə çərçivəsində müəssisədə 240 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.
Məlumata görə, müəssisə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi investisiya müsabiqəsi əsasında özəlləşdirilib. Layihənin ümumi investisiya dəyəri 27 milyon manat təşkil edir.
Bununla yanaşı, “Fabriora Group” MMC investisiya təşviqi sənədindən yararlanaraq avadanlıqların idxalı zamanı 1 milyon manat məbləğində ƏDV və gömrük rüsumu güzəşti əldə edib.
Azərbaycanda sənaye potensialının artırılması və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi qeyd olunur. Sənayeləşmə prosesinin nəticəsində ölkədə daha dayanıqlı istehsal və təchizat zəncirlərinin formalaşdırılması istiqamətində işlər davam etdirilir.
Yerli istehsalın genişləndirilməsi daxili tələbatın ödənilməsi və idxaldan asılılığın azaldılması ilə yanaşı, Azərbaycan istehsalı olan məhsulların xarici bazarlara çıxarılması imkanlarını da genişləndirir.


