Deputat Rövşən Muradov: Azərbaycanın investisiya potensialı yalnız təbii resurslarla məhdudlaşmır
Azərbaycanın investisiya mühitinin formalaşmasında maliyyə imkanları ilə yanaşı, iqtisadi siyasətin ardıcıllığı, dövlətin öhdəliklərinə sadiqliyi və uzunmüddətli sabitlik mühüm rol oynayır.
Millət vəkili Rövşən Muradov Azmedia.Az-a açıqlamasında Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində səsləndirdiyi fikirlərin Azərbaycanın son onilliklərdə keçdiyi iqtisadi inkişaf yolunu qiymətləndirmək baxımından əhəmiyyətli olduğunu bildirib.
Deputatın sözlərinə görə, ölkənin investisiya imkanları yalnız təbii resurslarla deyil, uzun illər ərzində yaradılmış institusional baza, iqtisadi sabitlik və maliyyə dayanıqlığı ilə də bağlıdır. Onun qeyd etdiyi göstəricilər arasında xarici borcun ÜDM-ə nisbətinin 5,6 faiz olması, valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi xüsusi yer tutur.
R.Muradov hesab edir ki, bu cür göstəricilər xarici investorlar üçün ölkənin mümkün iqtisadi və maliyyə şoklarına qarşı dayanıqlılığı barədə təsəvvür yaradan amillərdəndir.
Millət vəkili Azərbaycanın investisiya reputasiyasında uzunmüddətli müqavilə münasibətlərinin də əhəmiyyətli rol oynadığını vurğulayıb. Onun fikrincə, enerji sektorunda uzun illər əvvəl imzalanmış müqavilələrin əsas şərtlərinin qorunması beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda ardıcıllığın göstəricilərindən biri kimi qiymətləndirilə bilər.
Deputat bildirib ki, son iyirmi il ərzində Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiyanın yatırılması, bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi ölkənin beynəlxalq kapital üçün formalaşdırdığı imkanların miqyasını göstərir.
Onun sözlərinə görə, növbəti mərhələdə əsas hədəflərdən biri mövcud investisiya imkanlarını yeni iqtisadi sahələrə yönəltməkdir. Mədənçilik, bərpaolunan enerji, nəqliyyat və rəqəmsal texnologiyalar bu baxımdan perspektivli istiqamətlər sırasında göstərilir.
Deputat qeyd edib ki, neft-qaz sektoru ilə iqtisadi şaxələndirmə bir-birini istisna edən istiqamətlər deyil. Əksinə, enerji sektorundan əldə olunan maliyyə imkanlarının yeni sahələrin inkişafına yönəldilməsi iqtisadi transformasiyanın mühüm elementlərindən biri kimi çıxış edir.
Millət vəkili eyni zamanda ixracın strukturunda şaxələndirmənin vacibliyinə diqqət çəkib. O bildirib ki, qeyri-neft sektorunun ÜDM-də yüksək paya malik olmasına baxmayaraq, ixracda neft və qazın üstün mövqeyini qoruması yeni mərhələdə xarici bazarlara çıxarılan məhsul və xidmətlərin çeşidinin artırılmasını aktuallaşdırır.
R.Muradovun fikrincə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin investisiya imkanlarının təqdim edilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından əhəmiyyətli platformadır. Azərbaycanın investorlar üçün təqdim etdiyi imkanlar təbii resurslarla yanaşı, maliyyə dayanıqlığı, infrastruktur, təhlükəsizlik və yeni iqtisadi sahələrin inkişaf perspektivlərini də əhatə edir.
Şəlalə Camal
Azmedia.Az


