Azərbaycanda qış necə keçəcək? - Nazirlikdən HAMINI MARAQLANDIRAN AÇIQLAMA
Azərbaycanda noyabr ayında müşahidə olunan hava dəyişkənliyinin səbəbi açıqlanıb. Eyni zamanda, qarşıdan gələn qış mövsümünün sərt keçəcəyi ilə bağlı yayılan ehtimallara da aydınlıq gətirilib.
Azmedia.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azmedia.Az -a verilən məlumata görə, noyabr ayında havanın dəyişkən keçməsi əsasən atmosferdə baş verən sinoptik proseslərlə əlaqədardır.
Bildirilib ki, ölkə ərazisinə şimaldan daxil olan soyuq hava kütlələri temperaturun aşağı düşməsinə, cənubdan gələn isti hava kütlələri isə bəzi dövrlərdə havanın mülayim keçməsinə səbəb olur.
Qeyd olunub ki, 2026-cı ilin noyabr ayı ötən ilin eyni dövrü ilə müqayisədə bir qədər sərin keçir. Belə ki, 2025-ci ilin noyabr ayının ilk 17 günündə havanın orta temperaturu iqlim normasından 2,9 dərəcə, 2026-cı ilin eyni dövründə isə 1,2 dərəcə yüksək olub.
Maksimal temperatur 2025-ci ildə Bakı və Abşeron yarımadasında 22,5 dərəcə, bölgələrdə isə 28,4 dərəcə qeydə alınıb. 2026-cı ildə bu göstəricilər müvafiq olaraq 23,2 və 26,9 dərəcə təşkil edib.
Xidmətin açıqlamasında qışla bağlı yayılan ehtimallara da münasibət bildirilib. Vurğulanıb ki, noyabr ayında müşahidə edilən temperatur dəyişiklikləri qarşıdakı qış mövsümünün sərt keçəcəyini deməyə əsas vermir. Qış aylarında hava şəraitinin həmin dövrdə formalaşan atmosfer sirkulyasiyası və sinoptik proseslərdən asılı olaraq dəyişə biləcəyi diqqətə çatdırılıb.
Əli Şəyəldiyev
Azmedia.Az



