Fermerlər üçün yeni subsidiya imkanları müəyyənləşdirildi – ƏTRAFLI

Fermerlər üçün yeni subsidiya imkanları müəyyənləşdirildi –

Kənd təsərrüfatının müxtəlif istiqamətlərində dövlət dəstəyinin genişləndirilməsi məqsədilə yeni subsidiya mexanizmləri və mövcud subsidiyaların şərtlərində dəyişikliklər təsdiqlənib.

Azmedia.Az xəbər verir ki, Aqrar Subsidiya Şurasının qərarları kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi, müasir suvarma texnologiyalarından istifadənin artırılması, emal və ixracyönümlü istehsalın stimullaşdırılması, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ərzaq təminatının gücləndirilməsi məqsədlərini əhatə edir. 

Qeyd olunur ki, müəyyən edilən hədəflər Azərbaycan Prezidentinin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” əsasında formalaşdırılıb. 

Yeni mexanizmlər çərçivəsində yalnız bitkiçilik deyil, həmçinin heyvandarlıq və balıqçılıq sahələri üzrə də yeni subsidiyaların tətbiqi nəzərdə tutulur.

Taxıl və digər əkinlər üzrə subsidiyalar

Şuranın qərarına əsasən, taxıl əkinləri üzrə subsidiya məbləğləri tətbiq olunan suvarma üsulu və istehsalın ixtisaslaşmasına uyğun olaraq fərqləndiriləcək.

Dövlət Proqramında nəzərdə tutulan 22 ixtisaslaşmış rayonda müasir suvarma sistemlərindən istifadə edilməklə buğda əkini üçün hər hektara 400 manat subsidiya ödəniləcək. Ənənəvi suvarma və dəmyə üsulu ilə aparılan taxıl əkinlərində isə bu məbləğ 200 manat/ha olacaq.

Müasir suvarma ilə təmin edilmiş sahələrdə kartof və tərəvəzlə yanaşı, noxud, lobya və digər paxlalı bitkilər üzrə əkin subsidiyası 500 manat/ha, bostan bitkiləri üzrə isə 310 manat/ha müəyyənləşdirilib. 

Dağlıq rayonlarda və Naxçıvan Muxtar Respublikasında kartof və tərəvəz əkinlərinə görə müasir suvarma tətbiq edilən sahələrdə subsidiya 600 manat/ha, digər sahələrdə isə 400 manat/ha təşkil edəcək.

Lazer hamarlama tətbiq edən fermerlərə əlavə dəstək

Torpaq və su ehtiyatlarından daha səmərəli istifadənin təşviqi məqsədilə lazer hamarlama texnologiyasından yararlanan fermerlər üçün əlavə subsidiya mexanizmi yaradılıb.

Bütün suvarılan ərazilərdə bir parseldə azı 5 hektar buğda əkilməzdən əvvəl lazer hamarlama aparıldığı halda, ilk il üçün əkin subsidiyasına 250 manat/ha əlavə ediləcək.

Pambıqçılıq rayonlarında isə ən azı 5 hektar pambıq əkilməzdən əvvəl lazer hamarlama tətbiq edilərsə, ilk il məhsul subsidiyasına 50 manat/ton əlavə ödəniş nəzərdə tutulur.

Bu sahələr EKTİS-də bəyan ediləcək və monitorinq zamanı rəqəmsal texnologiyalarla yanaşı, süni intellekt həllərindən də istifadə olunacaq. 

İstixanalar üzrə subsidiya məbləğləri artırılır

İstixana təsərrüfatlarının yenilənməsi və yüksək texnologiyalı istixanaların yaradılmasının stimullaşdırılması məqsədilə əkin subsidiyasının məbləği istixananın texnoloji səviyyəsi və örtük materialına uyğun müəyyənləşdirilib.

Belə ki, 4-cü nəsil şüşə örtüklü yüksək texnologiyalı istixanalarda subsidiya 5 000 manat/ha, polikarbonat örtüklü istixanalarda 3 000 manat/ha, yüksək keyfiyyətli polietilen örtüklü 4-cü nəsil istixanalarda 2 500 manat/ha olacaq.

3-cü nəsil istixanalarda isə bu məbləğlər örtük növündən asılı olaraq 1 000–2 000 manat/ha, digər polietilen örtüklü istixanalarda isə 500 manat/ha təşkil edəcək. 

Yeni bitkilər üçün də subsidiya nəzərdə tutulub

Yüksək əlavə dəyərə və ixrac imkanlarına malik bitkilərin istehsalının genişləndirilməsi məqsədilə bağçılıq subsidiyalarının əhatə dairəsi də artırılıb.

Aroniya bağlarının salınmasına görə birdəfəlik 7 500 manat/ha, açıq sahədə efir yağı istehsalı məqsədilə qızılgül əkinlərinə görə isə 6 000 manat/ha subsidiya veriləcək.

Bundan başqa, kiçik, yəni butik şərabçılığın inkişafı da yeni dövlət dəstəyi istiqamətlərinə daxil edilib. Yerli üzüm sortlarından premium şərab istehsalı, aqroturizmin inkişafı və ixrac yönümlü mikrobrendlərin yaradılması təşviq olunacaq.

5–20 hektar sahədə salınan super-intensiv üzüm bağları üçün 20 000 manat/ha, intensiv üzüm bağları üçün isə 10 000 manat/ha bağçılıq subsidiyası nəzərdə tutulur. 2030-cu ilədək 20 yeni butik şərab evinin yaradılması hədəflənir. 

Bağ salınması ilə bağlı tələblər dəyişdirilir

Fermerlərin bağçılıq subsidiyasından yararlanmasını asanlaşdırmaq məqsədilə bir sıra tələblər sadələşdirilib.

Bütün ölkə üzrə bağların salınması zamanı sertifikatlı ting tələbi saxlanılacaq. Bununla yanaşı, torpağın elektrik keçiriciliyi – EC və viruslardan azad olma ilə bağlı analiz tələbi aradan qaldırılacaq.

İntensiv texniki və süfrəlik üzüm bağlarına verilən subsidiya bütün ölkə ərazisinə şamil ediləcək. İntensiv zeytun bağlarında minimum sahə tələbi 50 hektardan 5 hektara, Naxçıvan Muxtar Respublikasında isə bütün bağlar üzrə minimum sahə tələbi 1 hektara endiriləcək.

İntensiv püstə bağları üzrə yüksəklik həddi 1000 metrədək artırılacaq. Qarabağ və Şərqi Zəngəzurda nar bağları üçün minimum yüksəklik tələbi ləğv ediləcək, zeytun üçün maksimal yüksəklik 300 metrədək artırılacaq. Naxçıvanda isə qoz bağları üzrə minimum yüksəklik tələbi aradan qaldırılacaq. 

Pambıq və emal məhsullarına görə subsidiyalar

Pambıq üzrə məhsul subsidiyası istifadə edilən suvarma texnologiyasına uyğun olaraq fərqləndiriləcək. Ənənəvi suvarmada 200 manat/ton, sprinkler və pivot suvarmada 215 manat/ton, damcı suvarmada isə 300 manat/ton subsidiya veriləcək.

Emal sənayesinin xammalla təminatını yaxşılaşdırmaq məqsədilə texniki üzümə 50 manat/ton, zeytuna 30 manat/ton, xurmaya 50 manat/ton, taxta qabıqlı badama isə 30 manat/ton məhsul subsidiyası tətbiq olunacaq.

Efir yağı istehsalı üçün təhvil verilən qızılgül üzrə 100 manat/ton, biyan üzrə 10 manat/ton, pivəlik arpa üzrə isə 50 manat/ton subsidiya müəyyənləşdirilib.

Ərzaqlıq buğda proqramı da davam etdiriləcək. Buğda üzrə ixtisaslaşmış 22 rayonda lazer hamarlama tətbiq edilmiş sahələrdən dəyirmanlara təhvil verilən buğdaya görə 40 manat/ton, Naxçıvan Muxtar Respublikasında tədarükçülərə təhvil verilən buğdaya görə isə 50 manat/ton məhsul subsidiyası ödəniləcək. 

Yerli toxumçuluğa əlavə dəstək

Yerli toxumçuluğun inkişaf etdirilməsi məqsədilə super-elit toxum istehsal edən fermerlər üçün daha yüksək subsidiya əmsalları müəyyənləşdirilib.

Yerli super-elit buğda və arpa toxumçularına 470 manat/ha, xarici mənşəli super-elit buğda və arpa toxumçuluğuna isə 300 manat/ha əlavə subsidiya ödəniləcək.

Buğda və arpa üzrə sertifikatlı toxumdan istifadə tələbi isə 5 hektara endirilib. 2026–2027-ci əkin mövsümündə sertifikatlı toxumdan istifadə etməyən fermerlərin əkin subsidiyası 50 faiz azaldılacaq. 2027–2028-ci əkin mövsümündən etibarən isə belə təsərrüfatlar üçün subsidiya əmsalı sıfır olacaq. 

Beynəlxalq sertifikatların alınmasına dəstək

Fermerlərin və aqrar müəssisələrin xarici bazarlara çıxış imkanlarının artırılması üçün bir sıra beynəlxalq sertifikatların alınması da subsidiyalaşdırılacaq.

Global G.A.P., FSSC 22000, HACCP, GRASP, BRCGS, FSMA və beynəlxalq orqanik sertifikatların əldə edilməsinə görə dəstək göstəriləcək.

Sertifikatın növündən asılı olaraq subsidiya məbləği 7 000 manatdan 36 000 manatadək, sertifikatların aktiv saxlanılması üçün illik dəstək isə müvafiq məbləğin 10 faizi həcmində müəyyənləşdirilib. 

Fermerlər subsidiya vəsaitinin bir hissəsini əvvəlcədən ala biləcək

Yeni mexanizmə əsasən müəyyən edilmiş tələblərə cavab verən fermerlər əkin subsidiyasının 30 faizini əvvəlcədən əldə edə biləcəklər.

Avans mexanizmi 5–100 hektar əkin sahəsinə malik, siyahısı müəyyən edilən yazlıq və payızlıq birillik bitkilər becərən və fermer reytinqi 30-dan yuxarı olan təsərrüfatlara şamil ediləcək.

Avans subsidiyası üçün müraciət edən fermerlərin sahələri EKTİS-də bəyan olunacaq və əkinə hazırlıq vəziyyətinin monitorinqində rəqəmsal və süni intellekt əsaslı həllərdən istifadə ediləcək. 

Aqrar sığorta ilə bağlı yeni tələblər

Əkin subsidiyasının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısına arpa, buğda, çəltik və qarğıdalı ilə yanaşı günəbaxan da əlavə olunub. Sığortalanmalı əkin sahəsinin minimum ölçüsü isə 7 hektar müəyyən edilib.

Bağçılıq subsidiyasından yararlanmaq üçün yeni salınmış bağların “Aqrar sığorta haqqında” qanuna uyğun olaraq azı 3 il müddətinə sığortalanması tələb olunacaq. 

Aqrar texnika və avadanlıqlara güzəştlər artırılır

Taxıl, pambıqyığan, yemyığan və yempaylayan kombaynlar, lazer hamarlayıcılar, soyuducu anbarlar, taxıl siloları, suvarma hovuzları üçün membranlar və aqrar istehsalda istifadə olunan günəş panelləri üzrə güzəşt tətbiq edilən hissə 50 faizədək artırılacaq.

Yerli istehsal damcı suvarma sistemləri üçün güzəşt 60 faiz, xarici istehsal sistemləri üçün isə 50 faiz olacaq.

Kiçik şərabçılıq müəssisələrinin yaradılması üçün avadanlıqlara güzəşt 60 faiz, istixanalarda istifadə olunan texnoloji avadanlıqlar, eləcə də yerli istehsal metal konstruksiya və şüşələr üzrə güzəşt isə 20 faiz həddində müəyyən edilib. 

Sərhədyanı ərazilərdə fəaliyyət göstərən fermerlərə əlavə subsidiya

Sərhədyanı ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin davamlılığının təmin olunması üçün də əlavə subsidiya mexanizmi tətbiq ediləcək.

Siyahısı müəyyənləşdirilən sərhədyanı yaşayış məntəqələrində əkinçiliklə məşğul olan fermerlər üçün subsidiya əmsalı respublika üzrə baza əmsalından 0,5 bənd yüksək hesablanacaq. 

Balıqçılıq və akvakulturaya yeni dəstək

Akvakultura təsərrüfatlarının istehsal imkanlarının artırılması və daxili özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə balıq növləri üzrə məhsul subsidiyası tətbiq olunacaq.

Ölkədə istehsal edilən qızılbalıqkimilər və nərəkimilər üzrə subsidiya 2 000 manat/ton, çəkikimilər və naxakimilər üzrə isə 600 manat/ton təşkil edəcək.

Bu subsidiya EKTİS-də qeydiyyatdan keçmiş təsərrüfatların məhsullarını tədarükçülərə rəsmi satış sənədləri əsasında təhvil verməsi halında ödəniləcək. 

Heyvandarlıq sahəsində də yeni subsidiyalar

Naxçıvan Muxtar Respublikasında yerli süfrəlik yumurta istehsalının bərpası məqsədilə qeydiyyatda olan quşçuluq təsərrüfatlarında istehsal edilərək tədarükçülərə satılan hər 1 000 ədəd yumurtaya 30 manat məhsul subsidiyası veriləcək.

Süd istehsalının artırılması və süd emalı müəssisələrinin yerli xammalla təminatının yaxşılaşdırılması üçün də yeni subsidiya tətbiq olunacaq. EKTİS-də tədarükçü kimi qeydiyyatdan keçən süd emalı müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə 7 qəpik, yaxud hər tonuna 70 manat subsidiya ödəniləcək. Kooperativlər vasitəsilə təhvil verilən süd üzrə bu məbləğ əlavə olaraq 20 faiz artırılacaq. 

Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış “Qarabağ” və “Dilbaz” atlarına da illik heyvan subsidiyası tətbiq ediləcək.

2 yaşadək dayçalar üçün 600 manat/baş, 2 yaşdan yuxarı damazlıq dişi atlar üçün 800 manat/baş, damazlıq ayğırlara görə isə 1 000 manat/baş illik subsidiya nəzərdə tutulub.

1 oktyabr 2026-cı ildən sonra yaradılan intensiv təsərrüfatlarda südlük və südlük-ətlik cins heyvanlara görə 1 500 manat/baş, ətlik cinslər üzrə isə 1 000 manat/baş subsidiya veriləcək.

Mövcud təsərrüfatlarda cins sağmal heyvanlara 500 manat/baş/il, yerli damazlıqdan yetişdirilmiş sağmal heyvanlara 800 manat/baş/il, mələz sağmal heyvanlara isə 200 manat/baş/il subsidiya tətbiq olunacaq. Bu dəstəkdən yararlanmaq üçün təsərrüfatlarda minimum 50 baş cins və ya 100 baş mələz sağmal heyvan tələbi müəyyənləşdirilib. 

Azı 100 hektar örüş və ya otlaq sahəsindən istifadə edən və 500 və daha çox xırdabuynuzlu heyvanı olan təsərrüfatlarda qeydiyyatda olan hər heyvana görə 4 manat subsidiya veriləcək. Bu dəstəyin əsas şərtlərindən biri istifadə olunan örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.

İntensiv kökəltmə təsərrüfatlarının inkişafı məqsədilə diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kiloqram diri çəkiyə 0,40 manat məhsul subsidiyası ödəniləcək.

Dəri və yun xammalının emala yönəldilməsini təşviq etmək üçün emal müəssisələrinə təhvil verilən iribuynuzlu heyvan dərisinə 3 manat/ədəd, xırdabuynuzlu heyvan dərisinə 0,30 manat/ədəd, yuna isə 0,30 manat/kq subsidiya tətbiq ediləcək. 

Heyvanların genetik potensialının artırılması məqsədilə süni mayalanma subsidiyası da diferensiallaşdırılacaq. Yerli cins heyvanların süni mayalanmasından əldə edilən birinci nəsil buzovlara 75 manat, ikinci və sonrakı nəsillərə 150 manat, yerli damazlıq təsərrüfatların yüksək məhsuldar cins heyvanlarından alınan buzovlara 50 manat, embrion köçürülməsi nəticəsində əldə edilən buzovlara isə 250 manat subsidiya veriləcək. 

Qərarda nəzərdə tutulan yeni dövlət dəstəyi mexanizmlərinin müasir suvarmanın genişləndirilməsi, yüksək dəyərli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, emal sənayesinin yerli xammalla təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, aqrar sahədə rəqabətqabiliyyətliliyin yüksəldilməsi, həmçinin balıqçılıq və akvakultura sektorlarının inkişafına xidmət etməsi nəzərdə tutulur.