Baş Prokurorluq məlumat yaydı – Özbəkistanın axtarışa verdiyi şəxs Azərbaycanda saxlanıldı
Özbəkistanın beynəlxalq axtarışa verdiyi vətəndaşı Azərbaycanda saxlanılaraq həmin ölkəyə təhvil verilib.
Azmedia.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, Özbəkistan Respublikasının vətəndaşı, 2000-ci il təvəllüdlü Mahmudov Muzaffar Mavdudoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə həmin ölkənin Baş Prokurorluğu tərəfindən göndərilən ekstradisiya barədə vəsatət Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
M.Mahmudov Özbəkistan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan bir sıra cinayətlərdə ittiham olunur. Bunlara xüsusilə külli miqdarda vergiləri və yığımları ödəməkdən yayınma, xüsusilə külli miqdarda zərər vurmaqla ticarət və xidmət göstərilməsi qaydalarını pozma, eləcə də qeyri-dövlət kommersiya və digər qeyri-dövlət təşkilatlarının vəzifəli şəxsləri tərəfindən səlahiyyətlərindən sui-istifadə etmə daxildir.
Həmin cinayət əməllərinə görə beynəlxalq axtarışa verilən M.Mahmudov cari ilin sentyabr ayında Azərbaycan ərazisində müəyyən edilərək saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
“07.10.2002-ci il tarixli Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın müddəalarına uyğun olaraq, təqsirləndirilən şəxsin ekstradisiyası barədə qərar qəbul edilib.
Daha sonra M.Mahmudov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

