İlham Əliyev Məsud Pezeşkiana təşəkkürünü çatdırdı FOTO
Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana təşəkkür edib.
Azmedia.Az xəbər verir ki, dövlət başçısı bununla bağlı “X” hesabında paylaşım edib.
Prezident paylaşımında Məsud Pezeşkianın Azərbaycanla bağlı səsləndirdiyi xoş və səmimi fikirlərə görə ona təşəkkürünü bildirib.
İlham Əliyev qeyd edib ki, Azərbaycan və İran xalqları çətin və ağır günlərdə daim bir-birinin yanında olublar. O, bölgədə baş verən son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqına dəstəyinin bir daha özünü göstərdiyini vurğulayıb.
Paylaşımda deyilir:
“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”.
Qeyd edək ki, Məsud Pezeşkianın sözlərinə əsasən, müharibə dövründə Azərbaycan müxtəlif istiqamətlərdə İrana ciddi dəstək göstərib.
Pezeşkian bildirib ki, Azərbaycan tərəfindən yolların bağlanması və bank fəaliyyətinin dayandırılması ilə bağlı yaranan vəziyyət telefon danışığından sonra aradan qaldırılıb. Onun sözlərinə görə, iki saatlıq müzakirədən sonra bank, səfirlik və marşrutların fəaliyyəti yenidən bərpa olunub.
İran Prezidenti həmçinin müharibə zamanı Azərbaycanın müxtəlif sahələrdə İrana əhəmiyyətli yardım göstərdiyini qeyd edib. O, Rusiyadan tədarüklər və digər təchizat məsələləri ilə yanaşı, Azərbaycanın onları müşayiət etdiyini və ehtiyac duyulan məsələlərdə kömək göstərdiyini bildirib.


