“Üç gündür hesabımızı açmırlar” – Express Bankın müştərisindən KƏSKİN NARAZILIQ- VİDEO
“Express Bank”ın korporativ müştərisi bankın xidmətindən narazılığını ifadə edib.
Azmedia.Az xəbər verir ki, Xətai rayonunda, AGA Center-də yerləşən filialın korporativ müştərisi Zaur Xan Butayev bankın fəaliyyəti ilə bağlı şikayətini ictimailəşdirib.
Sahibkarın sözlərinə görə, vergi orqanları tərəfindən onun hesabına göndərilən sərəncamın icrası digər bankda – Kapital Bankda qısa müddət ərzində həyata keçirilsə də, Express Bankda yaranmış problem artıq üç gündür həllini tapmayıb.
O bildirib ki, hesabına 800 manatdan artıq yeni vəsait daxil olmasına, sərəncamın məbləğinin isə 600 manatdan çox olmamasına baxmayaraq, hesabı hələ də bloklanmış vəziyyətdə saxlanılır.
Zaur Xan Butayev, həmçinin bankın sərəncamların icrası zamanı vəsaitlərin silinmə ardıcıllığına riayət etmədiyini iddia edib. O, məsələnin Mülki Məcəllənin 965-ci maddəsinin tələbləri ilə əlaqəli olduğunu vurğulayıb.
Sahibkar yaranmış vəziyyətin biznes fəaliyyətinə mənfi təsir göstərdiyini qeyd edərək, Express Bankdakı bütün hesablarını bağlamaq və bankla əməkdaşlığı dayandırmaq qərarına gəldiyini açıqlayıb.
O, digər sahibkarlara da bankın hüquqi şəxslərə göstərdiyi xidmətlərdən istifadə edərkən ehtiyatlı olmağı tövsiyə edib.
Qeyd edək ki, səsləndirilən fikirlər müştərinin şəxsi mövqeyidir. Mövzu ilə bağlı Express Bankın da mövqeyini öyrənməyə və açıqlamasını dərc etməyə hazırıq.




