Məleykə Abbaszadə məşhur Xalq yazıçısının gəlini olub – Ailə həyatı ilə bağlı diqqətçəkən DETALLAR-FOTO

Məleykə Abbaszadə məşhur Xalq yazıçısının gəlini olub –

Azərbaycanda ən uzunmüddətli dövlət qulluğu təcrübəsinə malik şəxslərdən biri Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadədir. Görkəmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevin ailəsində dünyaya gələn Abbaszadənin peşəkar fəaliyyətinin ən məhsuldar dövrü Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət İmtahan Mərkəzi ilə bağlı olub. O, ümumilikdə 32 il ərzində bu qurumların rəhbərliyində təmsil olunub. 

73 yaşlı təcrübəli kadrın BDU-ya rektor təyin edilməsi son günlər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Bu səbəbdən Məleykə Abbaszadə həm sosial medianın, həm də geniş ictimaiyyətin diqqət mərkəzindədir.

Azmedia.Az xəbər verir ki, Məleykə Abbaszadə Xalq yazıçısı, məşhur “General” romanının müəllifi, “Şöhrət” ordenli Hüseyn Abbaszadənin gəlini olub.

O, Abbaszadə soyadını ilk nikahı zamanı qəbul edib. Belə ki, Məleykə Abbaszadə Hüseyn Abbaszadənin oğlu İlqar Abbaszadə ilə ailə həyatı qurub. Onlar M.V.Lomonosov adına Moskva Dövlət Universitetində birlikdə təhsil alıblar. Biologiya elmləri namizədi olan İlqar Abbaszadə hazırda ABŞ-də yaşayır və pedaqoji fəaliyyətlə məşğuldur.

Onların bu nikahından iki qız övladı dünyaya gəlib. Böyük qızları Nigar Abbaszadə Azərbaycan Turizm Universitetində və Azərbaycan Müəllimlər İnstitutunda beynəlxalq məsələlər üzrə prorektor vəzifəsində çalışıb. O, 2020-ci il iyulun 18-də ürək tutması nəticəsində vəfat edib.

Qeyd edək ki, İlqar Abbaszadə sonradan ikinci dəfə ailə həyatı qurub. Onun ikinci nikahından Lina adlı qızı və Mikayıl adlı oğlu dünyaya gəlib. Həyat yoldaşı Oksana Abbaszadə məşhur “Paul Mitchell” kosmetika şirkətində kurslar keçib, hazırda isə özəl bizneslə məşğuldur.

Məleykə Abbaszadənin digər qızı Nərgiz Abbaszadə 1976-cı il avqustun 7-də Bakı şəhərində anadan olub.

O, paytaxtdakı 189 saylı orta məktəbi bitirib. Nərgiz Abbaszadə 16 yaşında Xəzər Universitetinə qəbul olunub. Universitetdə təhsil aldığı müddətdə ali təhsil müəssisəsinin kanalında ingilis dilində yayımlanan xəbər proqramında müxbir kimi fəaliyyət göstərib.

Daha sonra hüquq təhsili almaq məqsədilə ABŞ-yə yollanıb. O, burada hüquq təhsili ilə yanaşı, model kimi də çalışıb.

Universitet təhsilini başa vurduqdan sonra Rusiya və ABŞ-də vəkillik fəaliyyəti ilə məşğul olub. Azərbaycan, danimarka, ingilis və rus dillərində danışan Nərgiz Abbaszadə müğənni Eldar Qasımov və aparıcı Leyla Əliyeva ilə birlikdə 2012-ci ildə Bakıda keçirilən “Eurovision” Mahnı Müsabiqəsinin aparıcılarından biri olub.