Azərbaycanda məşhur istirahət mərkəzi MÜSADİRƏ EDİLDİ: Tanınmış iş adamına 11 il 6 ay həbs cəzası verildi- FOTO
Azərbaycanda tanınmış istirahət mərkəzlərindən biri ilə bağlı məhkəmə qərarı verilib. Xüsusilə külli miqdarda dələduzluqda və digər cinayətlərdə ittiham olunan “Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev uzunmüddətli həbs cəzasına məhkum edilib. Nabranda yerləşən “Atlant” İstirahət Mərkəzi isə müsadirə olunub.
Azmedia.Az xəbər verir ki, “Təbriz” MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və digər cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda iş üzrə hökm elan edilib.
Şəlalə Həsənovanın sədrlik etdiyi məhkəmə tərkibi təqsirləndirilən şəxsləri onlara qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bilib.
Hökmə əsasən, Nofəl Hacıyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Talış Məhəmmədova isə şərti cəza verilib. Bununla yanaşı, Nabranda yerləşən və üzərinə həbs qoyulmuş “Atlant” İstirahət Mərkəzinin müsadirə edilməsi barədə qərar qəbul olunub.
Məlumatı vəkil Ceyhun Yusifov da saytımıza təsdiqləyib.
Qeyd edək ki, Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni olmaqla yanaşı, istirahət mərkəzinin şərikidir.
İttihama əsasən, Nofəl Hacıyev vətəndaşlardan əldə edilən 14 milyon manatı “Atlant” İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yönəldib. Nofəl Hacıyev isə bu məsələdə qayınatası Tahir Qədəşovu ittiham edib. Onların hər ikisi istirahət mərkəzinin şəriki olub.



