“65 milyon ayrılır, amma redaksiyalar dolana bilmir” – Akif Aşırlıdan MEDİA ilə bağlı SƏRT AÇIQLAMA!
“Ölmə, quru canla ayaqda dur və sosial şəbəkələrlə döyüş” – Əməkdar jurnalist medianın maliyyə problemlərini açıqladı
Son günlər dövlət büdcəsi müzakirələrində kütləvi informasiya vasitələrinə ayrılması nəzərdə tutulan vəsaitin həcmi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deputat Hikmət Babaoğlu da məsələyə münasibət bildirib. Mövzu sosial şəbəkələrdə də geniş müzakirə olunur.
Azmedia.Az xəbər verir ki, “Şərq Media Qrup” MMC-nin direktoru, Əməkdar jurnalist Akif Aşırlı büdcə müzakirələrini diqqətlə izlədiyini bildirib.
O, mətbuat sahəsindən deputat statusuna yüksəlmiş həmkarlarını bu məsələdə fəal olmağa, ictimaiyyəti düzgün məlumatlandırmağa və medianın üzləşdiyi problemləri parlamentdə gündəmə gətirməyə çağırıb.
A.Aşırlı büdcə müzakirələri zamanı kütləvi informasiya vasitələrinə 63-65 milyon manat ayrılması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən qeyd edib ki, həmin vəsaitin hamısı qəzet və internet saytlarına yönəldilmir:
“Bütövlükdə bu vəsait dövlət tərəfindən maliyyələşdirilən “AzTV” və “İctimai” televiziya, media ilə bağlı beynəlxalq və daxili layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulub. Qəzetlərə, saytlara ayrılan məbləğ bu vəsaitin cüzi bir hissəsini, yəni heç 5-6 faizini əhatə etmir.
Təxmini hesablamalarıma görə, 50-yə yaxın sayta, həftəlik nəşr olunan 16 qəzetə bir il ərzində 3 milyon manat da vəsait sərf olunmur. İctimaiyyət isə 65 milyon manatı eşidib haqlı olaraq narahatlıq keçirir, bizi yağla-ballı yaşamaqda qınayır və soruşur ki, bu qədər vəsait niyə dövlət büdcəsindən mətbuata ayrılmalıdır?
Sosial şəbəkələrin sürətli inkişafı fonunda peşəkar media rəqabət qabiliyyətini itirir. Dövlət sağ olsun, indiyə qədər bizə maliyyə dəstəyi göstərib. Ancaq bu dəstək “ölmə, quru canla ayaqda dur və gecə-gündüz işlə, sosial şəbəkələrlə döyüş” yanaşmasından başqa ümidverici bir nəticə verməyib.
Düşünün, həftəlik qəzet və onlayn fəaliyyət göstərən saytlara aylıq 8 min manat ayrılır, bunun müqabilində 8 nəfərin əmək müqaviləsi ilə jurnalist kimi çalışması tələbi qoyulur, gündəlik 20 yazı hazırlanması istənilir. Həmin 8 min manatın 40 faizindən çoxu sosial vergilərə, kirayə haqqına, qəzetin çapı üçün kağıza, mətbəə xərclərinə və texniki işlərə sərf olunur.
Yerdə qalan 4 min manatla 8 nəfər işçi necə çalışsın? Jurnalist sual verir: bir sahə həkiminin, icra başçısının müavininin aldığı aylıq məvaciblə bütöv bir redaksiya necə dolansın?
İdeoloji mətbuat artıq biznes fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Çünki reklamların böyük hissəsi sosial şəbəkələrə yönəldilir. Belə olduğu halda, peşəkar media reklam bazarından necə yararlana bilər?
Büdcə müzakirələrində millət vəkili həmkarlarımızı fəal olmağa, medianın problemlərini dilə gətirməyə çağırıram”.
//şərq.az



