Hansı cinayətləri törədənlər ƏSGƏRLİYƏ GETMİR? – Qanunda 4 əsas hal
Cinayət törətmiş şəxslərin hərbi xidmətə çağırılması məsələsi qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir. Belə ki, cinayət törətmək və ya məhkumluğun olması bütün hallarda hərbi xidmətdən azad edilmək anlamına gəlmir. Bəzi hallarda şəxslərin hərbi xidmətə çağırılması müvəqqəti olaraq dayandırılır, müəyyən cinayətlərə görə məhkum olunanlar isə ümumiyyətlə çağırışa cəlb edilmirlər.
Bəs hansı cinayətləri törətmiş şəxslər hərbi xidmətə çağırılmır? Məhkumluğu ödənilmiş və ya götürülmüş şəxslərin hərbi xidmətə çağırılması mümkündürmü?
Azmedia.Az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Səməd Vəkilov bildirib ki, həqiqi hərbi xidmətə çağırış “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla tənzimlənir.
Hüquqşünasın sözlərinə görə, qanunun 22-ci maddəsində müddətli həqiqi hərbi xidmətə çağırılmayan vətəndaşların dairəsi müəyyən edilib.
Maddəyə əsasən, aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar:
- İctimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza çəkən və ya barələrində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilmiş vətəndaşlar;
- Əvvəllər qəsdən törətdiyi cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, lakin məhkumluğu üzərindən götürülməmiş və ya ödənilməmiş vətəndaşlar;
- Barələrində olan cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş materiallar üzrə ibtidai istintaq və ya təhqiqat aparılan, yaxud cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılan vətəndaşlar.
Qanunun həmin maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar.
//yenisabah

