Sürücülərin diqqətinə! Bakıda yeni svetoforlar quraşdırılır – Hərəkət qaydaları dəyişə bilər

Sürücülərin diqqətinə! Bakıda yeni svetoforlar quraşdırılır –

Paytaxtın nəqliyyat sistemində yenilik tətbiq ediləcək. Bakıda ilk dəfə avtobusların hərəkətini tənzimləmək üçün xüsusi svetofor quraşdırılması nəzərdə tutulub. Layihənin ilkin mərhələdə bir ərazidə həyata keçirilməsi planlaşdırılır.

Azmedia.Az xəbər verir ki, Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırovun sözlərinə görə, Mərkəz tərəfindən paytaxtda avtobuslar üçün xüsusi svetoforun quraşdırılması nəzərdə tutulub.

İlkin mərhələdə yeni svetoforun Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində yerləşən mövcud “L” tipli dirəkdə quraşdırılması planlaşdırılır.

Layihəyə uyğun olaraq, həmin dirəkdə “T” formasında, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi svetofor yerləşdiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təklifi əsasında reallaşdırılması nəzərdə tutulan layihənin başlıca məqsədi avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz şəkildə hərəkət etməsinə şərait yaratmaqdır.

Ömər Xıdırov əlavə edib ki, layihənin ilkin tətbiqinin nəticələri qiymətləndirildikdən sonra bu növ svetoforların paytaxtın digər ərazilərində də quraşdırılması imkanları nəzərdən keçiriləcək.