Hamilə qadınlara isti hava ilə bağlı XƏBƏRDARLIQ: Körpələr üçün ciddi təhlükə

Hamilə qadınlara isti hava ilə bağlı XƏBƏRDARLIQ:

İsti hava dalğaları hamilə qadınların və bətnindəki körpələrin sağlamlığı üçün ciddi təhlükə yaradır. Elmi araşdırmalar yüksək temperaturun düşük, dölün inkişaf qüsurları, ölü doğuş və vaxtından əvvəl doğuş ehtimallarını artırdığını ortaya qoyur.

Azmedia.Az xəbər verir ki, “Reuters”ə istinadən yayılan məlumata görə, müxtəlif ölkələrdə aparılan elmi tədqiqatların nəticələri havanın temperaturunun hər 1 dərəcə yüksəlməsinin vaxtından əvvəl doğuş ehtimalını 4 faiz artırdığını göstərir. İsti hava dalğasının müşahidə olunduğu həftədən sonrakı dövrdə isə bu risk 26 faizə qədər yüksəlir.

Meksikada 2008-2025-ci illər arasında baş vermiş 8 milyondan çox doğuşun təhlili də yüksək temperaturun hamiləlik dövrünə təsirini təsdiqləyən nəticələr ortaya çıxarıb. Tədqiqatın nəticələrinə əsasən, doğuşdan əvvəlki son dörd həftə ərzində isti hava dalğalarının qeydə alınması vaxtından əvvəl doğuşların sayında orta hesabla 6,5 faizlik artımla müşayiət olunur. Güclü istilərə məruz qalma zamanı isə bu göstərici 18 faizə çatır.

Araşdırmalar yüksək temperaturun hamilə qadınlarda arterial təzyiqin yüksəlməsi və preeklampsiya riskini də artırdığını göstərir. Sözügedən vəziyyət böyrək çatışmazlığı, infarkt və insult kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Mütəxəssislər hamilə qadınlara isti havalarda günəş şüaları altında uzun müddət qalmamağı, kifayət qədər su qəbul etməyi, sərin məkanlarda vaxt keçirməyi və fiziki aktivliyi məhdudlaşdırmağı məsləhət görürlər. Onlar, həmçinin hamiləlik dövründə yüksək temperaturun yarada biləcəyi təsirlərin nəzərə alınmasının vacibliyini qeyd edirlər.