Koronavirusa yoluxan nazir yenə görünmədi – İşə nə vaxt qayıdacaq?

Koronavirusa yoluxan nazir yenə görünmədi – İşə nə vaxt qayıdacaq?

Azərbaycanın müdafiə naziri Zakir Həsənov koronavirusa yoluxduqdan sonra hələ də rəsmi tədbirlərdə görünmür. Nazir son olaraq keçirilən beynəlxalq hərbi təlimin açılış mərasimində də iştirak etməyib.

Azmedia.Az xəbər verir ki, noyabrın 12-də Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin açılış mərasimi keçirilib.

Tədbir Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində təşkil olunub.

Təlimə Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə departamentinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti də cəlb edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov açılış mərasimində iştirak etməyib. Tədbirdə çıxış edən general-mayor Vüqar Əliverdiyev nazirin salamlarını iştirakçılara çatdırıb və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində onlara uğurlar arzulayıb.

O, təlimə Azərbaycan, Gürcüstan və Türkiyədən ümumilikdə 200-dən çox şəxsi heyətin cəlb olunduğunu bildirib.

Xatırladaq ki, Zakir Həsənovun koronavirusa yoluxduğu barədə məlumat noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı açıqlanıb. Bu səbəbdən müdafiə naziri Ərdoğanı qarşılama mərasimində də iştirak etməyib.