Əsgərin ölümünə görə HƏBS EDİLDİ – Həkim 9 min manat da ödəyəcək!
Əsgərin vəfatı ilə nəticələnən hadisə üzrə təqsirləndirilən hərbi həkim barəsində məhkəmə hökmü çıxarılıb. Həkim 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib, həmçinin zərərçəkmiş tərəfə 9 min manat təzminat ödəməli olacaq.
Azmedia.Az xəbər verir ki, məlumata görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A.-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Füzuli Hərbi Məhkəməsində hakim Əli Süleymanovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxs 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını da təmin edib. Təqsirləndirilən şəxs qarşı tərəfə maddi ziyana görə 6 min manat, mənəvi ziyana görə isə 3 min manat ödəməlidir.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib.
İttihama görə, əsgər Əli İbrahimli özünü narahat hiss etdiyi üçün hərbi hissənin tibb məntəqəsinə müraciət edib. Növbətçi həkim tərəfindən müayinə zamanı onda taxikardiya aşkarlanıb və o, başqa hərbi hissəyə təxliyə olunub.
Əli İbrahimli həmin hərbi hissənin cərrahiyyə bölməsinin baş ordinatoru N.A.-ya ürəyində təxminən iki aydır ağrılar olduğunu, tibb məntəqəsində aparılan müayinə zamanı isə taxikardiya müəyyən edildiyini bildirib.
Lakin təqsirləndirilən şəxs bu barədə aidiyyəti üzrə məlumat verməyib və klinik protokolun tələblərini pozub. Həmçinin zəruri müayinələr aparılmayıb. Həkim yalnız əsgərin arterial təzyiqini ölçməklə kifayətlənib.
Əsgərin təcili tibbi yardıma ehtiyacı olmasına baxmayaraq, təqsirləndirilən şəxs onun xidmət etdiyi N saylı hərbi hissəyə qaytarılması barədə göstəriş verib. Hərbi hissəyə qayıtdıqdan qısa müddət sonra əsgərin vəziyyəti yenidən pisləşib. O, hospitala aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə qulluq vəzifəsinə səhlənkar yanaşmanın ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmasını nəzərdə tutur.
//apa.az

