Manatın dövriyyəyə buraxılmasından 34 il ötür

Manatın dövriyyəyə buraxılmasından 34 il ötür

Milli valyutamızın tarixində mühüm gün – Azərbaycan manatı 34 il əvvəl dövriyyəyə daxil olub.

Azmedia.Az xəbər verir ki, Azərbaycanın milli pul vahidi manat ilk dəfə 1992-ci il avqustun 15-də istifadəyə verilib. İlk pul emissiyası həmin il Fransa Mərkəzi Bankında hazırlanaraq çap olunub.

Milli pul sisteminin yaradılması istiqamətində mühüm addımlardan biri 1992-ci il 11 fevral tarixində atılıb. Həmin tarixdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bank təsis edilib. Daha sonra 1992-ci il 15 iyul tarixində imzalanmış “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərman əsasında manatın istifadəsinə başlanılıb.

İlk mərhələdə, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar dövriyyəyə daxil edilib. Həmin ilin noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabr ayında isə 5 manatlıq əsginas istifadəyə verilib. 1993-cü ilin martında 50, 100, 500 və 1000 manatlıq kağız pul nişanları dövriyyəyə buraxılıb.

1992-ci ilin avqustundan 1994-cü ilin yanvar ayına qədər manat rublla paralel şəkildə ödəniş vasitəsi kimi istifadə olunub. Bu zaman 1 manat 10 rubl nisbətində müəyyənləşdirilmişdi.

Müstəqil pul siyasətinin həyata keçirilməsi üçün milli valyutanın ölkə ərazisində yeganə ödəniş vasitəsinə çevrilməsi mühüm məsələlərdən biri idi. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin 1993-cü il 11 dekabr tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı xüsusi əhəmiyyət daşıyıb. Bununla da manat ölkədə yeganə ödəniş vasitəsi kimi təsdiqlənib və Azərbaycanın rubl zonasından çıxışı rəsmiləşdirilib.

Nağd pula olan tələbatın qarşılanması və pul dövriyyəsinin tənzimlənməsi məqsədilə sonrakı illərdə daha iri nominallı əsginaslar da hazırlanıb. 1994-cü ildə 10 min manatlıq, 1996-cı ildə isə 50 min manatlıq pul nişanları dövriyyəyə buraxılıb.

Almaniyanın “Giesecke & Devrient” şirkətində hazırlanan 10 min manatlıq əsginasın üzərində Şirvanşahlar kompleksi təsvir olunub. Pulun arxa hissəsində isə milli ornamentlərlə əhatələnmiş çərçivədə nominal dəyər həm rəqəmlə, həm də yazılı şəkildə göstərilib.

1996-cı ildən dövriyyəyə buraxılan 50 min manatlıq əsginaslar İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap edilib. Həmin əsginasın üzərində Naxçıvanın məşhur memarlıq abidələrindən olan Möminə Xatun türbəsi əks etdirilib.

2001-ci ildə isə “De La Rue” tərəfindən yeni dizaynda 1000 manatlıq əsginas hazırlanıb. Bu pul nişanının əsas mövzusu Azərbaycanda neftin hasilatı və istehsalı olub. Dizaynda milli ornamentlər və ənənəvi çərçivə elementlərindən istifadə edilib.

1992-2005-ci illərdə ölkənin nağd pula olan ehtiyacını təmin etmək məqsədilə ümumilikdə 5 trilyon 238 milyard manat dəyərində 692,5 milyon ədəd əsginas hazırlanaraq dövriyyəyə daxil edilib.

Manat tarixində növbəti böyük dəyişiklik 2006-cı ildə baş verib. Azərbaycan Prezidentinin 2005-ci il 7 fevral tarixində imzaladığı fərman əsasında ölkədə denominasiya həyata keçirilib.

Beləliklə, 2006-cı il yanvarın 1-dən yeni manat dövriyyəyə daxil olub və 1 AZN 5000 köhnə AZM-ə bərabər müəyyənləşdirilib. Keçid dövründə köhnə və yeni manat bir il müddətində paralel şəkildə istifadə olunub. 2007-ci il yanvarın 1-dən isə ölkədə yalnız yeni manatın istifadəsinə tam keçid başa çatdırılıb.

Yeni pul sistemi 1, 5, 10, 20, 50 və 100 manatlıq əsginaslardan, həmçinin 1, 3, 5, 10, 20 və 50 metal pul nişanlarından ibarət olub.

Yeni manatların dizaynı üzrə keçirilən müsabiqənin qalibi Avstriyanın “OeBS” şirkətinin dizayneri və avro əsginaslarının dizaynının müəllifi Robert Kalina seçilib. Pul nişanlarının texniki xüsusiyyətlərinin hazırlanmasında isə İsveçrə Milli Bankının dəstəyindən istifadə olunub.

Manatın nominalları sırasına daha sonra 200 manatlıq əsginas da əlavə edilib. Ötən il mayın 23-də təqdim olunan yeni 200 manatlıq pul nişanının hazırlanması üçün keçirilən müsabiqədə ABŞ-ın “Crane Currency” şirkətinin təqdim etdiyi dizayn qalib olub. Müxtəlif şirkətlərin müasir mühafizə texnologiyaları həmin dizayna əlavə edilib və əsginas “Giesecke+Devrient” şirkətində istehsal olunub.

200 manatlıq əsginasın üzərində Azərbaycanın paytaxtının müasir simvollarından sayılan Heydər Əliyev Mərkəzinin təsviri yer alır. Pul nişanının dizaynında Mərkəzin eksteryer və interyer elementləri ilə yanaşı, milli xalça motivlərindən və müxtəlif ornamentlərdən də istifadə edilib.

Bu gün Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür. Ötən müddət ərzində milli pul nişanları həm görünüş, həm məzmun, həm də mühafizə texnologiyaları baxımından yenilənib.

Azərbaycan Mərkəzi Bankı müasir dövrün tələblərini nəzərə alaraq milli pul nişanlarının qorunma sistemlərinin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirir.