Etibar Pirverdiyev, 55 min manat maaş və 15 min manatlıq güllər – Məhkəmədə nələr açıqlandı?

Etibar Pirverdiyev, 55 min manat maaş və 15 min manatlıq güllər – Məhkəmədə nələr açıqlandı?

Azenco-nun keçmiş rəhbəri Vüqar Əliyevin məhkəmə prosesində şirkətin maliyyə xərcləri ilə bağlı diqqətçəkən məqamlar açıqlanıb. İclasda bir gün ərzində 15 min manatlıq gül alınması məsələsi gündəmə gəlib.

Azmedia.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Azenco” Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə iclası keçirilib.

3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərviz Hacıyev ifadə verib.

Məhkəmə prosesində bir sıra maraqlı məqamlar açıqlanıb, tərəflər arasında isə gərgin mübahisələr yaşanıb.

Hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən iclasın əvvəlində “Azenco”nun nümayəndəsi prosesin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. O, şirkətin həm Azərbaycanda, həm də xarici ölkələrdə geniş əlaqələrinin olduğunu əsas gətirərək, müzakirələrin ictimaiyyətə açıqlanmasını məqsədəuyğun hesab etmədiyini bildirib. Müdafiə tərəfinin etirazından sonra məhkəmə vəsatəti təmin etməyib.

Şahid Pərviz Hacıyev ifadəsində Vüqar Əliyevi 2023-cü ildən tanıdığını və şirkətin bütün maliyyə məsələlərinin onun birbaşa nəzarətində olduğunu deyib.

Onun sözlərinə görə, şirkət Özbəkistandakı tərəfdaşlarla işlərin həyata keçirilməsi üçün ilkin olaraq 16 milyon manatlıq müqavilə bağlamağı nəzərdə tutub.

Pərviz Hacıyev bildirib:

“Sonradan Vüqar Əliyev məbləği əvvəlcə 14 milyon manata, daha sonra isə 8 milyon manata endirdi. Səbəbini soruşanda Özbəkistan şirkətinin maliyyə imkanlarının çatmadığını dedi. Biz bu layihədən cəmi 3 milyon manat qazanc götürdük”.

Şahid Sinqapurda fəaliyyət göstərən hər hansı şirkətlə tender müqaviləsinin bağlanmasından məlumatlı olmadığını da qeyd edib.

Pərviz Hacıyev gündəlik maliyyə hesabatlarını yoxlayarkən bəzi kənar xərclərlə qarşılaşdığını bildirib. Onun sözlərinə görə, hesabatlarda bir gün ərzində gül mağazasından 15 min manatlıq gül alınması əks olunub.

“Maliyyə hesabatlarında gördüm ki, gül dükanından bir gündə 15 min manatlıq gül alınıb. Vüqar Əliyevə şifahi xəbərdarlıq etdim. O isə cavab verdi ki, Energetiklər Günüdür, hədiyyə almaq lazımdır”, – deyə şahid bildirib.

 

Təqsirləndirilən Vüqar Əliyev isə ittihamlarla razılaşmadığını və hər hansı qanunsuzluğa yol vermədiyini söyləyib. O, özünə rəsmi və ya şifahi xəbərdarlıq edilmədiyini də vurğulayıb.

Vüqar Əliyevin iddiasına görə, şirkətdə əsas qərarlar və xarici tərəfdaşlarla aparılan müzakirələr “Azərenerji”nin keçmiş rəhbəri, aralarında “şef” adlandırdıqları Etibar Pirverdiyevin nəzarəti altında həyata keçirilib.

Məhkəmə iclasında müdafiə tərəfinin Etibar Pirverdiyevin rolu və “Nur” MMC ilə əlaqədar ünvanladığı bir sıra suallar dövlət ittihamçısının etirazından sonra protokoldan çıxarılıb və cavablandırılmayıb.

Bununla belə, vəkil Nurlan Məmmədov diqqətçəkən iddia ilə çıxış edib:

“Etibar Pirverdiyev şirkətdə məsləhətçi işləyib və 55 min manat əməkhaqqı alıb. Heç adi bir məsləhətçi bu qədər yüksək maaş alar?”.

İclasın sonunda Vüqar Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə də baxılıb. Müdafiəçi müvəkkilinin beş azyaşlı övladının olduğunu və şahidlərə təsir göstərməsi ilə bağlı iddianın əsassızlığını əsas gətirsə də, məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, Vüqar Əliyev bir il əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Həmin maddənin sanksiyasında 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Növbəti məhkəmə iclasında şahidlərin dindirilməsinin davam etdirilməsi gözlənilir. Proses noyabrın 16-da davam edəcək.