1492 MANAT OĞURLADI, PULLA DÖNƏR ALDI – 16 yaşlı məktəbliyə hökm oxundu

1492 MANAT OĞURLADI, PULLA DÖNƏR ALDI – 16 yaşlı məktəbliyə hökm oxundu

Bakıda yerləşən supermarketdən 1492 manat pul oğurlamaqda təqsirləndirilən 16 yaşlı məktəbli barəsində məhkəmə hökmü çıxarılıb.

Azmedia.Az xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Rahat” supermarketdə baş verib.

Məlumata görə, 2010-cu il təvəllüdlü S.Səməndərov (şərti soyad) marketə daxil olaraq müdirin otağından 1492 manat pul götürüb. Daha sonra həmin pulla mağazanı tərk edərək özünə dönər alıb və müxtəlif yerlərdə xərcləyib.

Market rəhbərliyi hadisə ilə bağlı müşahidə kameralarının görüntülərini polisə təqdim edib. Keçirilən əməliyyat tədbirləri nəticəsində məktəbli saxlanılıb. Onun üzərindən 62 manat pul aşkar edilərək götürülüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb. İşin materialları məhkəməyə göndərilib.

Məhkəmə prosesində market nümayəndələri təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını bildiriblər. Həmçinin ailənin sosial vəziyyətini və məktəblinin sağlamlıq imkanlarını nəzərə alaraq barışıq sənədi təqdim ediblər. Dəymiş ziyanın ödənildiyi də qeyd olunub.

Məhkəmənin hökmü ilə 16 yaşlı məktəbliyə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq yerləşdirilib və yaşadığı ərazini tərk etməməsi ilə bağlı məhdudiyyətlər müəyyən edilib.